...

Seçki siyahılarına adı düşməyən müxalifətçilər komissiyalara müraciət edə bilərlər - Azərbaycan MSK-nın sədri

Siyasət Materials 11 Sentyabr 2008 18:16 (UTC +04:00)
Seçki siyahılarına adı düşməyən müxalifətçilər komissiyalara müraciət edə bilərlər - Azərbaycan MSK-nın sədri

Azərbaycan, Bakı, 11 sentyabr / Trend , müxbir İ.Əlizadə/ Azərbaycanın Mərkəzi Seçki Komissiyası (MSK) prezident seçkisi günü daimi qeydiyyatda olduqları yerdə səs vermək imkanları olmayan vətəndaşları yaşadıqları yerlərdə seçki siyahılarına düşmək üçün dairə və məntəqə seçki komissiyalarına müraciət etməyə çağırıb.

"Ola bilər ki, vətəndaş seçki siyahısına daxil edildiyi məntəqənin ərazisində olmasın, lakin bu o demək deyil ki, həmin vətəndaşın səs verməsinə şərait yaradılmamalıdır", cümə axşamı jurnalistlərə MSK sədri Məzahir Pənahov bildirib.

Trend -un arayışı: Azərbaycanda prezident seçkiləri oktyabrın 15-də keçiriləcək. İndiyə qədər hakim Yeni Azərbaycan Partiyasının (YAP) namizədi, indiki prezident İlham Əliyev, müxalif Ümid Pariyasının sədri İqbal Ağazadə, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev və Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin prezidentliyə namizədliyi rəsmən qeydə alınıb.

Pənahov qeyd edib ki, vətəndaşlar sentyabrın 20-nə qədər dairə seçki komissiyalarına müraciət etməklə hazırda yaşadıqları ərazidə seçki siyahılarına qeydiyyata düşə bilərlər. Səsverməyə 3 gün qalmış isə məntəqə seçki komissiyalarına müraciət etməklə vətəndaş hazırda yaşadığı ərazisinin seçki məntəqəsinə qeydiyyata düşə bilər.

"Bunun üçün vətəndaşın daimi qeydiyyatda olduğu dairə seçki komissiyasına getməsinə ehtiyac yoxdur. Onlar hazırda yaşadıqları ərazi dairə seçki komissiyalarına müraciət etsələr kifayətdir. Onda dairə seçki komissiyaları vətəndaşın qeydiyyatdan çıxması və düşməsi haqda məlumatı bir-birlərinə göndərəcəklər", - Pənəhov əlavə edib.

O, bəzi müxalifət partiyaları üzvlərinin seçki siyahılarına düşmədiyini istisna etməyib və bildirib ki, həmin seçicilərin adları MSK-ya təqdim olunsa, onlar seçki siyahılarına daxil ediləcəklər.

Pənahov deyib ki, seçkiyə çağırış plakatları vətəndaşların çox toplaşdığı yerlərdə, dəmir yolu və avtobus vağzallarında, insanların görə biləcəyi yerlərdən asılmalıdır. Bura mağazaların və ticarət mərkəzlərinin vitrinləri də daxildir: "Elə etməliyik ki, plakatların yapışdırılması tarixi binalara zərər vurmasın".

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti