Gürcüstan, Tbilisi, 07 noyabr/ Trend , müxbir N.Kirtsxaliya/ Gürcüstanın birləşmiş müxalifət tərəfdarları parlament binası qarşısında aksiyaya başlayıblar. Aksiya, ötən il noyabrın 7-də baş vermiş hadisələrə - hakimiyyətin dinc nümayişi dağıtmasına həsr edilib.
Parlament qarşısında hələ ki 3 minədək insan toplaşıb. Şəhər hakimiyyəti aksiyaya icazə verdiyi üçün aksiyanın əvvəlində birləşmiş müxalifətin lideri Levan Qaçeçiladze yol polisini Rustaveli prospektini bağlamağa çağırıb. Bu tələb yerinə yetirilib.
Müxalifət növbədənkənar prezident və parlament seçkilərinin keçirilməsini; siyasi dustaqların azad edilməsi; KİV azadlığının təmini və "İmedi" teleşirkətinin Patarkatsişvili ailəsinə qaytarılmasını; seçki qanunvericiliyinin təkmilləşdirilməsini tələb edir.
Aksiyanın təşəbbüsçülərindən biri Kaxa Kukavanın sözlərinə görə, "hər hansı bir təxribat baş verməzsə" bu aksiya birgünlük olacaq. "Aksiya dinc xarakter daşıyacaq və sonra yürüşə keçəcək", - o bildiib. Yürüş parlament binasının qarşısından başlayacaq və prezidentin iqamətgahı qarşısında bitəcək. "Burada hakimiyyət nümayəndələrinə müxalifətin tələbləri əks olunmuş sənəd təqdim ediləcək", - o əlavə edib.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]