...

Azərbaycan və Rusiya xarici işlər nazirləri Ermənistana silah satışı məsələsini müzakirə ediblər

Siyasət Materials 16 Yanvar 2009 20:31 (UTC +04:00)

Azяrbaycan, Bakı, 16 yanvar / Trend , müxbir E.Rüstəmov/ Rusiya tərəfinin təşəbbüsü ilə cümə günü bu ölkənin xarici işlər naziri Sergey Lavrovla Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov arasında telefon danışığı olub.
Azərbaycan XİN-in mətbuat xidmətindən Trend -a verilən məlumata görə, telefon danışığı zamanı Rusiya Federasiyasından Ermənistana hərbi texnika və sursat verilməsi məsələsi müzakirə edilib.

Lavrov Rusiya Xarici İşlər Nazirliyinin Baş Qərargahla birlikdə məsələ ilə bağlı araşdırma apardığını bildirərək, həmkarını əmin edib ki, 2008-ci il ərzində, Ermənistanın Gümrü şəhərində yerləşən 102 saylı hərbi hissə də daxil olmaqla, Rusiya tərəfindən Ermənistana rəsmi şəkildə heç bir silah-sursat ötürülməyib.

Tərəflər bu məsələnin daha ətraflı aydınlaşdırılması istiqamətində məsləhətləşmələri davam etdirməklə bağlı razılığa gəliblər.

Azərbaycanın Xarici İşlər Nazirliyi Rusiyanı Azərbaycan torpaqlarını işğal edən Ermənistana 800 mln. dollar həcmində silah - sursat verməklə, onun hərbi potensialını gücləndirməkdə ittiham edib.

Nazirliyin cümə axşamı yayılan bəyanatında bildirilir ki, bu, BMT Təhlükəsizlik Şurasının Ermənistan -Azərbaycan münaqişəsinin nizamlanması Konvensiyasına ziddir. Söhbət Rusiyanın münaqişə tərəflərindən birinə qanunsuz dəstək üzrə öhdəlikləri pozmasından gedir.

İki Cənubi Qafqaz ölkəsiarasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. 1991-ci ilin dekabrında, Şuşa və Xocalı istisna olmaqla, Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb. 1992 -1993-cü illərdə Şuşa, Xocalı və Dağlıq Qarabağa bitişik yeddi rayon işğal olunub. 1994-cü ilin mayında tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ ki nəticəsiz sülh danışıqları aparılır.

Avropa İttifaqı da bu münaqişənin həlli prosesini izləyir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]          

Xəbər lenti

Xəbər lenti