Azərbaycan, Bakı, 09 fevral / Trend , müxbir C.Babayeva/ Azərbaycanın Solçu Qüvvələr Birliyi rəsmən təsis olunmamış parçalanıb. Birliyin həmtəsisçisi olmuş Azərbaycan Kommunist Partiyasının sədri Rauf Qurbanov sonradan birlikdə təmsil olunmaqdan imtina edib.
"Siyasi partiyaların birliyində ambisiyaların olması qəbulolunmazdır. Birlikdə bərabərlik prinsipi olmalıdır. Birliyin ideyasını hamı istəsə də, birlikdə təmsil olunmaq məsələsinə gələndə, böyük pay götürmək istəyirlər. Rauf Qurbanovun müəyyən şərtləri birlikdə qəbul olunmadı və o, müstəqil fəaliyyət göstərməyə üstünlük verdi", - bazar ertəsi Trend -a Marksizm-Leninizm platformasında Azərbaycan Kommunist Partiyasının sədri Telman Nurullayev bildirib.
Trend -un arayışı: Ötən ilin sonunda Azərbaycan Sosialist, Kommunist, Vahid Kommunist partiyaları və Marksizm-Leninizm platformasında Azərbaycan Kommunist Partiyasının sədrləri solçu qüvvələrin birliyinin yaradılması ilə bağlı razılığa gəliblər. Birliyin yaradılmasında məqsəd solçu partiyaları vahid ideologiya ətrafında birləşdirmək, bələdiyyə və parlament seçkilərində vahid platformadan çıxış etmək olub.
Nurullayev Qurbanovun Birlikdə təmsil olunmamasının qurumun fəaliyyətinə heç bir təsir göstərməyəcəyini deyib. "Birliyin əsasnaməsi hazırlanıb və bu həftə ərzində təsdiqlənməsi nəzərdə tutulub. Birliyin əsas fəaliyyət istiqaməti Azərbaycanda pərakəndə solçu qüvvələrin fəaliyyətini bir istiqamətə yönəltməkdir. Bələdiyyə və parlament seçkilərində də blok şəklində iştirak edə bilərik", - o bildirib.
O, Solçu Qüvvələr Birliyinin bütün solçu partiyalar üçün açıq olduğunu qeyd edib. "Birliyin rəsmən təsis olunmasından sonra bir neçə solçu partiyanın quruma qoşulması gözlənilir", - Nurullayev deyib.
Azərbaycan Kommunist Partiyasının sədri Qurbanov Trend -a Solçu Qüvvələr Birliyində təmsil olunmayacağını təsdiqləyib. "Birlikdə təmsil olunmaq partiyanın sərbəst fəaliyyətini məhdudlaşdıracaqdı. İdeoloji məsələlərlə bağlı birgə fəaliyyətə hazırıq", - Qurbanov deyib.
Qurbanov Azərbaycanda kommunist partiyalarının birliyi olmadan sol qüvvələrin birliyini yaratmağın məntiqsiz olduğunu hesab edir. "Solçu Qüvvələr Birliyinin yaradılmasında əsas ideyanı kommunist partiyalarının birləşməsində görürdüm. İlk öncə kommunistlərin vahid partiyasının yaradılması və daha sonra birliyin yaradılmasının tərəfdarıyam. Birlikdə müəyyən fikir ayrılıqları bu mövqeyimlə bağlı yarandı", - AKP sədri deyib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]