...

Təhlükəsizlik, iqtisadi və humanitar əməkdaşlıq "Şərq tərəfdaşlığı" çərçivəsində Azərbaycan üçün prioritet məsələlər olacaq – xarici işlər naziri

Siyasət Materials 27 Fevral 2009 11:16 (UTC +04:00)
Təhlükəsizlik, iqtisadi və humanitar əməkdaşlıq "Şərq tərəfdaşlığı" çərçivəsində Azərbaycan üçün prioritet məsələlər olacaq – xarici işlər naziri

Ukrayna,  Kiyev, 27 fevral / Trend , müxbir D.Babesyuk / Təhlükəsizlik, iqtisadi və humanitar əməkdaşlıq "Şərq tərəfdaşlığı" çərçivəsində Azərbaycan üçün prioritet məsələlər olacaq. Bu barədə Trend -a Kiyevdə GUAM Katibliyi binasının açılış mərasimində iştirak edən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bildirib.

"Hələ ki, təkliflər yoxdur. Biz hazırda "Şərq tərəfdaşlığı" çərçivəsində Avropa İttifaqı ilə əməkdaşlıq edə bələcəyimiz konkret layihələri hazırlayırıq. Kobud desək, bu əməkdaşlığı qurmaq üçün üç "səbət" anlayışı var - təhlükəsizlik səbəti, iqtisadi səbət və humanitar səbət", - deyə Məmmədyarov bildirib.

Keçmiş Sovet məkanının altı dövləti - Azərbaycan, Ukrayna, Moldova,Gürcüstan, Ermənistan, Belarus və Aİ arasında münasibətlərin möhkəmləndirilməsi məqsədi daşıyan "Şərq tərəfdaşlığı" proqramı 2008-ci il 4 dekabr tarixində qüvvəyə minib. Proqram iştirakçısı olan dövlətlərlə əməkdaşlıq, Aİ-nin tam hüquqlu üzvü olmamaq şərti ilə azad ticarət zonasının yaradılması və strateji sazişlərin imzalanması ilə əlaqədar həyata keçiriləcək.

Onun sözlərinə görə, bu "səbət"lərin toplanması daha detallı müzakirələrin mövzusudur.

Azərbaycan təhlükəsizlik sahəsində Dağlıq Qarabağ problemi üzrə münaqişə mövzusunu, ümumilikdə təhlükəsizlik və terrorçuluq, narkotrafiklə mübarizə də daxil olmaqla mövcud risk və təhlükə məsələlərini prioritet görür.

Azərbaycan iqtisadi sahədə tranzit dəhlizi, enerji təhlükəsizliyi məsələsi (Avropa bazarlarına tədarük), həmçinin qeyri-enerji və qeryri-neft sektoru ilə bağlı müxtəlif iqtisadi layihələri təqdim etməyə hazırdır.

Nazirin sözlərinə görə, üçüncü "səbət"də Azərbaycanın humanitar maraqları kimi viza rejiminin sadələşdirilməsi, tələbə mübadiləsi, hüquq və elm sahələrindəki məsələlər nəzərdən keçirilə bilər.

"Biz ölkəmizdə maraqlarımıza uyğun, müxtəlif təkliflər hazırlayırıq, Aİ isə öz öz layihələrini irəli sürür. Mayın 7-də Praqada keçiriləcək "27+6 sammiti"nədək hansı layihələrin prioritet olacağı, hansı layihələrin ikinci plana daxil ediləcəyi, hansı layihələrin isə reallaşdırılmasının mümkün olmayacağı aydın olacaq", - deyə nazir bildirib.

Xəbər lenti

Xəbər lenti