...

Azərbaycan polisi Novruz bayramı günlərində gücləndirilmiş rejimdə işləyəcək

Siyasət Materials 13 Mart 2009 16:56 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 mart / Trend , müxbir K.Zərbalıyeva /

Azərbaycan polisi Novruz bayramı şənliklərində və bu münasibətlə keçirilən tədbirlər zamanı ictimai qaydanın mühafizəsi və ictimai təhlükəsizliyi təmin etmək məqsədi ilə martın 20-dən 29-dək gücləndirilmiş rejimdə işləyəcək, cümə axşamı Trend -a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Sadiq Gözəlov deyib.

Nazirlik rəsmisi bildirib ki, bu məqsədlə daxili işlər naziri general-polkovnik Ramil Usubov xüsusi göstəriş verib. Göstərişə əsasən, DİN-in bütün orqan və hissələrinin şəxsi heyəti gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək. Həmçinin sutkalıq fəaliyyət göstərən əməliyyat qrupları yaradılacaq.

Gözəlovun sözlərinə görə, göstərişə əsasən, bayram şənlikləri keçirilən yerlərdə, insanların kütləvi istirahət etdikləri ərazilərdə baş verə biləcək xoşagəlməz hadisələrin qarşısını almaq məqsədi ilə zəruri tədbirlərin görülməsi təmin olunmalıdır.

Gözəlov bildirib ki, bayram şənlikləri ilə əlaqədar respublikamıza gələn qonaqların təhlükəsizliyini təmin etmək məqsədi ilə əlavə tədbirlərin görülməsi, onların yaşadığı mehmanxanaların ətrafında polis xidmətlərinin gücləndirilməsi də nəzərdə tutulub.

Xidmət rəhbərinin sözlərinə görə, su, hava, dəmiryol nəqliyyatında, metropolitendə, avtovağzalda, xarici ölkələrin diplomatik nümayəndəliklərində, mühüm əhəmiyyətli obyektlərdə mühafizənin gücləndirilməsi, törədilə biləcək hər hansı qanuna zidd hərəkətlərin qarşısının alınması üçün qabaqlayıcı tədbirlər həyata keçiriləcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti