...

Azərbaycanda Konstitusiyanın 29 maddəsinə bütün əlavə və dəyişikliklər seçicilər tərəfindən dəstəklənib – MSK-nın ilkin nəticələri (ƏLAVƏ OLUNUB 4 – bütün bülletenlər hesablanıb)

Siyasət Materials 20 Mart 2009 17:59 (UTC +04:00)
Azərbaycanda Konstitusiyanın 29 maddəsinə bütün əlavə və dəyişikliklər seçicilər tərəfindən dəstəklənib – MSK-nın ilkin nəticələri (ƏLAVƏ OLUNUB 4 –  bütün bülletenlər hesablanıb)

Azərbaycan, Bakı, 20 mart / Trend , müxbir E.Rüstəmov /

Azərbaycan Mərkəzi Seçki Komitəsi Azərbaycan Konstitusiyasının 29 maddəsinə təklif olunan bütün düzəliş və əlavələr üzrə martın 18-də keçirilən referendumun bütün bülletenlərinin yekun hesablamaları üzrə ilkin nəticələri açıqlayıb.

Maddə 12. Dövlətin ali məqsədi. 3 059 449 səs (87,84 faiz) "lehinə", 234 592 səs (6,73 faiz) "əleyhinə", 188 710 səs (5,41 faiz) "etibarsızdır".

1. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir.

Aşağıdakı dəyişikliyini olunması təklif edilir:

1. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir.

Maddə 15. İqtisadi inkişaf və dövlət. 3 051 367 səs (87,61 faiz)"lehinə", 239 419 səs (6,87 faiz) "əleyhinə", 191 965 səs (5,51 faiz) "etibarsızdır".

1. Azərbaycan dövləti bazar münasibətləri əsasında iqtisadiyyatın inkişafına şərait yaradır, azad sahibkarlığa təminat verir, iqtisadi münasibətlərdə inhisarçılığa və haqsız rəqabətə yol vermir.

Aşağıdakı dəyişikliyini olunması təklif edilir:

2. Azərbaycan dövləti bazar münasibətləri sosial yönümlü iqtisadiyyatın inkişafına şərait yaradır, azad sahibkarlığa təminat verir, iqtisadi münasibətlərdə inhisarçılığa və haqsız rəqabətə yol vermir.

Maddə 17. Ailə və dövlət. 3 068 779  səs (88,11 faiz), 231 457 səs (6,64 faiz),  182 515 səs (5,24 faiz) "etibarsızdır".

Maddəyə aşağıdakı əlavələr təklif olunur:

3. Valideynlərin və qəyyumları olmayan, valideyn qayğısından məhrum olan uşaqlar dövlətin himayəsindədirlər.

4. Uşaqları onların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb etmək qadağandır.

5. 15 yaşına çatmamış uşaqlar işə götürülə bilməzlər.

6. Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir.
 

Maddə 18. Din və dövlət. 3 041 412 səs (87,32 faiz) "lehinə", 244 772 səs (7,02 faiz) "əleyhinə", 196 567 səs (5,64 faiz) "etibarsızdır".

2. İnsan ləyaqətini alçaldan və ya insanpərvərlik prinsiplərinə zidd olan dinlərin yayılması və təbliği qadağandır.

Aşağıdakı redaktədə verilməsi təklif olunur:

3. İnsan ləyaqətini alçaldan və ya insanpərvərlik prinsiplərinə zidd olan dinlərin (dini cərəyanların) yayılması və təbliği qadağandır.

Maddə 19. Pul vahidi. 3 049 672  səs (87,56 faiz) "lehinə", 242 002 səs (6,94 faiz) "əleyhinə", 191 077 səs (5,48 faiz) "etibarsızdır".

2. Pul nişanlarının tədavülə buraxılması və tədavüldən çıxarılması hüququ yalnız Milli Banka mənsubdur. Azərbaycan Respublikasının Milli Bankı dövlətin müstəsna mülkiyyətindədir.

Təklif olunan dəyişiklik:

2. Pul nişanlarının tədavülə buraxılması və tədavüldən çıxarılması hüququ yalnız Mərkəzi Banka mənsubdur. Azərbaycan Respublikasının Mərkəzi Bankı dövlətin müstəsna mülkiyyətindədir.
 

Maddə 25. Bərabərlik hüququ.  3 059 492 səs (87,84 faiz) "lehinə", 236 669 səs (6,79 faiz) "əleyhinə", 186 590 səs (5,35 faiz) "etibarsızdır".

Maddəyə aşağıdakı əlavələr təklif olunur:

4. Heç kəsə bu maddənin III hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz.

5. Hüquq və vəzifələrə dair qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hamının bərabər hüquqları vardır.

Maddə 29. Texniki xarakterli dəyişiklik. 3 040 540 səs (87,30 faiz) "lehinə", 243 681 səs (6,99 faiz) "əleyhinə",  198 530 səs (5,70 faiz) "etibarsızdır".

Maddə 32. Şəxsi toxunulmazlıq hüququ. 3 061 614 səs (87,90 faiz) "lehinə", 236 761 səs (6,79 faiz) "əleyhinə", 184 376 səs (5,29 faiz) "etibarsızdır".

2. Hər kəsin şəxsi və ailə həyatının sirrini saxlamaq hüququ vardır. Qanunla nəzərdə tutulan hallardan başqa, şəxsi həyata müdaxilə etmək qadağandır.

Aşağıdakı əlavə təklif olunur:

Hər kəsin şəxsi və ailə həyatına qanunsuz müdaxilədən müdafiə hüququ vardır.

3. Öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir.

Aşağıdakı əlavə təklif olunur:

Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan izlənilə bilməz və ya video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz.

Maddəyə 5-ci hissənin əlavə olunması təklif edilib:

Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, hər kəs onun haqqında toplanmış məlumatlarla tanış ola bilər. Hər kəsin onun barəsində toplanmış və həqiqətəuyğun olmayan, tam olmayan, həmçinin qanunun tələbləri pozulmaqla əldə edilmiş məlumatların düzəldilməsinin və ya çıxarılmasının tələb etmək hüququ var.
 

Maddə 39. Sağlam ətraf mühitdə yaşamaq hüququ. 3 051 727 səs (87,62 faiz) "lehinə", 236 032 səs (6,77 faiz) "əleyhinə", 194 992 səs (5,59 faiz) "etibarsızdır".

3 və 4-cü bəndlərin əlavə olunması təklif edilir:

3. Heç kəs ətraf mühitə, təbii ehtiyatlara qanunla müəyyən edilmiş hədlərdən artıq təhlükə törədə və ya zərər vura bilməz.
4. Dövlət ekoloji tarazlığın saxlanmasına, yabanı bitkilərin və vəhşi heyvanların qanunla müəyyən edilmiş növlərinin qorunmasına təminat verir.
 

Maddə 48. Vicdan azadlığı. 3 048 692 səs (87,53 faiz) "lehinə", 240 301 səs (6,89 faiz) "əleyhinə",  193 758 səs (5,56 faiz) "etibarsızdır".

5-ci hissənin əlavə olunması təklif edilir:

Heç kəs öz dini etiqadını və əqidəsini nümayiş etdirməyə, dini mərasimləri yerinə yetirməyə və ya dini mərasimlərdə iştirak etməyə məcbur edilə bilməz.

Maddə 50. Məlumat azadlığı. 3 047 209 səs (87,49 faiz) "lehinə", 240366 səs (6,90 faiz) "əleyhinə", 195176 səs (5,60 faiz) "etibarsızdır".

3-cü hissəsini əlavə olunması təklif edilir:

Hər kəsin hüquqlarını pozan və ya mənafelərinə xələl gətirən, kütləvi informasiya vasitələrində dərc edilən məlumatı təkzib etmək və ya ona cavab vermək hüququna təminat verilir.
 

Maddə 67. Tutulan, həbsə alınan və cinayət törədilməsində təqsirləndirilənlərin hüquqları. 3 049 537 səs (87,56 faiz) "lehinə", 239 404 səs (6,87 faiz) "əleyhinə", 193 810 səs (5,56 faiz) "etibarsızdır".

Aşağıdakı redaktədə verilməsi təklif edilir:

1. Səlahiyyətli dövlət orqanlarının tutduğu, həbsə aldığı, cinayət törədilməsində təqsirləndirdiyi hər bir şəxsə dərhal onun hüquqları bildirilir və tutulmasının, həbsə alınmasının və cinayət məsuliyyətinə cəlb edilməsinin səbəbləri izah edilir.
2. Cinayət törədilməsində təqsirləndirilən hər kəs məhkum edilməzdən əvvəl dinlənilməlidir.

Maddə 71. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatı. 3 054 569 səs (87,70 faiz) "lehinə", 237 512 səs (6,81 faiz) "əleyhinə", 190 670 səs (5,47 faiz) "etibarsızdır"

2. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz.

Aşağıdakı əlavə təklif olunur:

Hər kəsin hüquq və azadlıqları, bu Konstitusiyada və qanunlarda müəyyən olunmuş əsaslarla, həmçinin digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır.

Maddəyə 9 və 10-cu hissələrin əlavə edilməsi təklif olunur:

9. Hər kəs qanunla qadağan olunmayan hərəkətləri edə bilər və heç kəs qanunla nəzərdə tutulmayan hərəkətləri etməyə məcbur edilə bilməz.

10. Dövlət orqanları yalnız bu Konstitusiya əsasında, qanunla müəyyən edilmiş qaydada və hüdudlarda fəaliyyət göstərə bilərlər.

Maddə 72. Vətəndaşların vəzifələrinin əsası. 3 056 065 səs (87,74 faiz) "lehinə", 234 614 səs (6,73 faiz) "lehinə", 192 072 səs (5,51 faiz) "etibarsızdır".

1. Dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır.

Aşağıdakı əlavə təklif olunur:

Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər.

Maddə 75. Dövlət rəmzlərinə hörmət.  3 072 698 səs (88,22 faiz) "lehinə", 224 177 səs (6,43 faiz) "əleyhinə", 185 876 səs (5,33 faiz) "etibarsızdır".

Hər bir vətəndaş Azərbaycan Respublikasının dövlət rəmzlərinə - bayrağına, gerbinə və himninə hörmət etməlidir.

2-ci hissənin əlavə olunması təklif edilir:

Dövlət rəmzlərinə hörmətsizliyin nümayiş etdirilməsi qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.
 

Maddə 84. Azərbaycan Respublikası Milli Məclisi çağırışının səlahiyyət müddəti. 3 102 666 səs (89,08 faiz) "lehinə", 218 187 səs (6,26 faiz) "əleyhinə", 161 898 səs (4,64 faiz) "etibarsızdır".

1. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

Aşağıdakı əlavənin edilməsi təklif edilir:

Müharibə şəraitində hərbi əməliyyatların aparılması Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin keçirilməsini mümkün etmədikdə, Azərbaycan Respublikası Milli Məclisinin çağırış müddəti hərbi əməliyyatların sonuna kimi uzadılır. Bu barədə qərar seçkilərin (referendumun) keçirilməsini təmin edən dövlət orqanının müraciətinə əsasən Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən qəbul edilir.
 

Maddə 88. Azərbaycan Respublikası Milli Məclisinin sessiyaları.  3 054 623 səs (87,70 faiz) "lehinə", 240 048 səs (6,89 faiz) "əleyhinə", 188 080 səs (5,40 faiz) "etibarsızdır".

4-cü hissənin əlavə olunması təklif edilir:

Azərbaycan Respublikası Milli Məclisinin sessiyalarının iclasları açıq keçirilir. Azərbaycan Respublikası Milli Məclisinin 83 deputatının tələbi ilə və ya Azərbaycan Respublikası Prezidentinin təklifi ilə Azərbaycan Respublikası Milli Məclisinin qapalı iclası keçirilə bilər.
 

Maddə 92. Texniki xarakterli dəyişiklik. 3 036 552 səs (87,18 faiz) "lehinə", 247 515 səs (7,10 faiz) "əleyhinə", 198 684 səs (5,70 faiz) "etibarsızdır".

Maddə 95. Azərbaycan Respublikası Milli Məclisinin həll etdiyi məsələlər. 3 044 552 səs (87,41 faiz) "lehinə", 244 120 səs (7,00 faiz) "əleyhinə", 194 079 səs (5,57 faiz) "etibarsızdır".

20-ci bəndin əlavə olunması təklif edilir:

- Bələdiyyələrin hesabatlarının dinlənilməsi
 

Maddə 96. Qanunvericilik təşəbbüsü hüququ. 3 042 303 səs (87,35 faiz) "lehinə", 244 249 səs (7,01 faiz) "əleyhinə", 196 199 səs (5,63 faiz) "etibarsızdır".

I. Azərbaycan Respublikasının Milli Məclisində qanunvericilik təşəbbüsü hüququ (qanun layihələrini və başqa məsələləri Azərbaycan Respublikası Milli Məclisinin müzakirəsinə təqdim etmək hüququ) Azərbaycan Respublikası Milli Məclisinin deputatlarına, Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Ali Məhkəməsinə, Azərbaycan Respublikasının Prokurorluğuna və Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə mənsubdur.

Aşağıdakı redaktədə verilməsi təklif olunur:

I. Azərbaycan Respublikasının Milli Məclisində qanunvericilik təşəbbüsü hüququ (qanun layihələrini və başqa məsələləri Azərbaycan Respublikası Milli Məclisinin müzakirəsinə təqdim etmək hüququ) Azərbaycan Respublikası Milli Məclisinin deputatlarına, Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Ali Məhkəməsinə, Azərbaycan Respublikasının seçki hüququ olan 50 min vətəndaşına, Azərbaycan Respublikasının Prokurorluğuna və Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə mənsubdur.

"Azərbaycan Respublikasının seçki hüququ olan 50 min vətəndaşına" sözləri maddənin 2 və 3-cü hissələrinə də əlavə olunur.

Maddəyə 6 və 7-ci hissələrin əlavə olunması təklif edilir:

6. Azərbaycan Respublikasının seçki hüququ olan 50 min vətəndaşının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydası qanunla müəyyən edilir
7. Qanun və qərar layihələri əsaslandırılmalı və onların qəbul edilməsinin məqsədləri göstərilməlidir.
 

Maddə 101. Azərbaycan Respublikası Prezidenti seçkilərinin əsasları. 3 195 799 səs (91,76 faiz) "lehinə", 160 032 səs (4,59 faiz) "əleyhinə", 126 920 səs (3,64 faiz) "etibarsızdır".

5. Heç kəs iki dəfədən artıq təkrarən Azərbaycan Respublikasının Prezidenti seçilə bilməz.

Bu maddənin beşinci maddəsi aşağıdakı redaksiyada ifadə edilsin:

Müharibə şəraitində hərbi əməliyyatların aparılması Azərbaycan Respublikası Prezidenti seçkilərinin keçirilməsini mümkün etmədikdə, Azərbaycan Respublikası Prezidentinin səlahiyyət müddəti hərbi əməliyyatların sonuna kimi uzadılır. Bu barədə qərar seçkilərin (referendumun) keçirilməsini təmin edən dövlət orqanının müraciətinə əsasən Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən qəbul edilir.

Maddə 108. Azərbaycan Respublikası Prezidentinin təminatı. 3 061 591 səs (87,90 faiz) "lehinə", 234 776 səs (6,74 faiz) "əleyhinə", 186 384 səs (5,35 faiz) "etibarsızdır".

Azərbaycan Respublikasının Prezidenti və onun ailəsi dövlət hesabına təmin edilir. Azərbaycan Respublikası Prezidentinin və onun ailəsinin təhlükəsizliyini xüsusi mühafizə xidmətləri təmin edir.

2-ci hissənin əlavə olunması təklif edilir:

- Əvvəllər Azərbaycan Respublikasının prezidenti seçilmiş şəxsin təminat qaydaları Konstitusiya qanunu ilə müəyyən edilir.
 

Maddə 109. Azərbaycan Respublikası Prezidentinin səlahiyyətləri maddəsində "Milli Bank" sözü "Mərkəzi Bank" sözü ilə əvəzlənir, "Prezidentin İcra Aparatı" isə "Prezident Admininstrasiyası" sözü ilə əvəzlənir. 3 050 511 səs (87,58 faiz) "lehinə", 239 990 səs (6,89 faiz) "əleyhinə", 192 250 səs (5,52 faiz) "etibarsızdır".

Maddə 125. Məhkəmə hakimiyyətinin həyata keçirilməsi.  3 047 345 səs (87,49 faiz) "lehinə", 241 434 səs (6,93 faiz) "əleyhinə", 193 972 səs (5,56 faiz) "etibarsızdır".

Maddəyə 7-ci hissənin əlavə olunması təklif edilir:

7. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

Maddə 129. Məhkəmə qərarları və onların icrası.  3 047 433 səs (87,50 faiz) "lehinə", 243 299 səs (6,98 faiz) "əleyhinə", 192 019 səs (5,51 faiz) "etibarsızdır".

2 və 3-cü hissələrin əlavə olunması təklif edilir:
2. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.
3. Məhkəmə qərarı əsaslandırılmalı və sübuta yetirilmiş olmalıdır.
 

Maddə 130. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi. 3 054 143 səs (87,69 faiz) "lehinə", 236 409 səs (6,78 faiz) "əleyhinə", 192 199 səs (5,51 faiz) "etibarsızdır".

9. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi öz səlahiyyətlərinə aid edilən məsələlərə dair qərarlar qəbul edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarı Azərbaycan Respublikası ərazisində məcburi qüvvəyə malikdir.

Maddəyə aşağıdakı cümlənin əlavə olunması təklif edilir:

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarları dərc edilməlidir.

Maddə 131. Azərbaycan Respublikasının Ali Məhkəməsi.  3 050 115 səs (87,57 faiz) "lehinə", 238 101 səs  (6,83 faiz) "əlehinə", 194 535 səs (5,58 faiz) "etibarsızdır".

Maddəyə 3-cü hissənin əlavə olunması təklif edilir:

Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarları dərc edilməlidir.

Maddə 146. Bələdiyyələrin müstəqilliyinin təminatı. 3 035 047 səs (87,14 faiz) "lehinə", 252 267 səs (7,24 faiz) "əleyhinə", 195 437 səs (5,61 faiz) "etibarsızdır".

Aşağıdakı əlavələr təklif edilir:

1. Bələdiyyələr öz səlahiyyətlərini həyata keçirməkdə müstəqildirlər, bu isə bələdiyyə ərazisində yaşayan vətəndaşlar qarşısında onların məsuliyyətini istisna etmir. Bələdiyyə üzvlərinin seçilməsi, səlahiyyətlərinin dayandırılması və ya səlahiyyətlərinə xitam verilməsi, bələdiyyələrin vaxtından əvvəl buraxılması halları və qaydası qanunla müəyyən edilir.

2. Bələdiyyələrin öz səlahiyyətlərini müstəqil həyata keçirməsi Azərbaycan dövlətinin suverenliyinə xələl gətirə bilməz.

3. Dövlət bələdiyyələrin fəaliyyətinə nəzarət edir.

4. Qanunla müəyyən edilmiş hallarda və qaydalarda bələdiyyələr öz fəaliyyətləri barəsində Azərbaycan Respublikasının Milli Məclisinə hesabat təqdim edirlər.

Maddə 149. Normativ hüquqi aktlar. 3 047 401 səs (87,49 faiz) "lehinə", 239 851 səs (6,88 faiz) "əleyhinə", 195 499 səs (5,61 faiz) "etibarsızdır".

8-ci hissənin əlavə olunması təklif edilir:

Normativ hüquqi aktlar dərc edilməlidir. Heç kəs dərc edilməyən normativ hüquqi aktın icrasına (ona riayət olunmasına) məcbur edilə bilməz və belə aktın icra olunmamasına (ona riayət olunmamasına) görə məsuliyyətə cəlb edilə bilməz. Normativ hüquqi aktın dərc edilməsi qaydası Konstitusiya qanunu ilə müəyyən edilir.

Azərbaycan Konstitusiyası 1995-ci ildə qəbul olunub, 2002-ci ildə Əsas qanuna əlavə və dəyişikliklər edilib

Məqalə müəllifi ilə əlaqə ünvanı [email protected]

Xəbər lenti

Xəbər lenti