Bakı. Trend:
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, İsraildə fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Yeganə Salmanın və “Azİz – İsrail və Azərbaycan Xalqlararası Əlaqə” Assosiasiyasının təşkilatçılığı ilə nəşr edilən “Azərbaycan yəhudiliyinin çiçəklənməsi” (“Расцвет еврейства Азербайджана”) adlı kitabın təqdimatı olub.
Trend xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.
Bildirilib ki, təqdimat mərasimi Azərbaycan Respublikasının İsrail Dövlətindəki Səfirliyində baş tutub. Kitabın müəllifi Yeganə Salmandır.
Tədbirdə Azərbaycanın İsraildəki səfiri Muxtar Məmmədov, İsraildə yaşayan diaspor nümayəndələrimiz, yəhudi icmasının üzvləri, ictimai xadimlər, elm və mədəniyyət sahəsinin təmsilçiləri, eləcə də kitabda bioqrafiyası yer alan şəxslərin yaxınları iştirak ediblər.
Kitabda Ümummilli Lider Heydər Əliyevin həm Sovet hakimiyyəti dövründə, həm də Azərbaycanın müstəqillik illərində yürütdüyü uğurlu siyasət nəticəsində ölkənin yəhudi icmasının ictimai, elmi və mədəni həyatdakı fəaliyyətindən geniş şəkildə bəhs olunub. Nəşrdə, həmçinin Azərbaycandakı yəhudi mənşəli ziyalıların, alimlərin, sənətkarların və ictimai xadimlərin bioqrafik məlumatları toplanıb.
Müəllif Yeganə Salman layihənin əhəmiyyətindən danışaraq “Azərbaycan yəhudiliyinin çiçəklənməsi” adlı kitabın ilk dəfə iki il əvvəl İsraildə çapdan çıxdığını və Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edildiyini bildirib.
Azərbaycanın İsraildəki səfiri Muxtar Məmmədov Azərbaycan və yəhudi xalqları arasında əsrlər boyu mövcud olan dostluq və qarşılıqlı hörmət münasibətlərinə diqqət çəkib. O, tolerantlıq və multikultural dəyərlərin Azərbaycan cəmiyyətinin ayrılmaz hissəsi olduğunu, bu ənənələrin isə ölkəmizin müxtəlif millət və dinlərin nümayəndələri üçün doğma vətənə çevrilməsinə zəmin yaratdığını vurğulayıb.
Tədbirin sonunda Azərbaycandakı yəhudilərin tarixi haqqında videoçarx nümayiş olunub.