Bakı. Trend:
Antiterror tədbirləri Azərbaycan tarixində yeni bir qəhrəmanlıq səhifəsi kimi həkk olundu. Cəmi 23 saat 43 dəqiqə ərzində erməni separatçıları ağ bayraq qaldırmağa məcbur oldular. Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarılırdı.
Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Afət Həsənova bildirib.
Deputat bildirib ki, Qarabağda həyata keçirilən lokal xarakterli əməliyyatlar nəticəsində Azərbaycan öz suveren ərazilərində tam nəzarəti bərpa edərək, separatçılığa birdəfəlik son qoydu, Ermənistanın və onun havadarlarının illərlə qurduğu xəyalları darmadağın etdi:
“Ağır relyef şəraitində, düşmən tərəfindən uzun illər böyük mühəndislik işləri nəticəsində istehkamların mövcudluğu şəraitində, düşmən mövqelərinin təpələrdə, əlverişli yerlərdə yerləşdirilməsinə baxmayaraq, hərbçilərimiz qəhrəmanlıq, peşəkarlıq göstərərək qısa müddət ərzində bütün istiqamətlər üzrə əhəmiyyətli dərəcədə hərbi uğurlar əldə etdilər”.
A.Həsənova qeyd edib ki, bu əməliyyatların zəruriliyi birbaşa Ermənistanın məsuliyyətsiz davranışları və üzərinə götürdüyü öhdəliklərə əməl etməməsi ilə bağlı idi:
“Ermənistan hər zaman olduğu kimi öz destruktiv siyasətini davam etdirərək 2020-ci ilin 10 noyabrında imzalanmış üçtərəfli bəyanatda üzərinə düşən vəzifələri icra etmədi. Bu isə Azərbaycanı lokal antiterror tədbirləri görməyə məcbur etdi. Azərbaycan 44 günlük Vətən müharibəsində tarixi Qələbə qazanaraq Ermənistan ordusunu darmadağın etsə də, qalib ölkə olaraq humanist mövqe nümayiş etdirdi və qarşı tərəfə öz öhdəliklərini yerinə yetirmək üçün kifayət qədər vaxt və imkan verdi.
Lakin Ermənistan bir daha beynəlxalq hüquqa hörmətsizlik göstərərək qanunsuz silahlı dəstələrini Azərbaycan ərazilərindən çıxarmadı, əksinə, separatçılıq meyillərini dəstəkləməyə davam etdi. Müxtəlif təxribatlar törədildi, yeni təhlükələr yaradıldı. Ermənistan arxalandığı havadarların köməyinə ümid edərək status-kvonu qorumağa çalışırdı.
19–20 sentyabr tarixlərində həyata keçirilən qətiyyətli antiterror tədbirləri ilə Azərbaycan həm öz ərazi bütövlüyünü tam təmin etdi, həm də bölgədə separatçılığa birdəfəlik son qoydu. 24 saatdan az müddətdə həyata keçirilən antiterror əməliyyatı nəticəsində Azərbaycan ərazisində qanunsuz yerləşən Ermənistan ordusu tam şəkildə tərksilah edilərək, ölkəni tərk etdi. Qarabağda qeyri-qanuni xunta rejimi ləğv edildi, separatçıların əsas rəhbərləri həbs edildi və Azərbaycan öz dövlət suverenliyini tam təmin etdi. Azərbaycanın Zəfər tarixi Xankəndi, Xocalı, Ağdərə, Xocavənd, Əsgəranda üçrəngli bayrağımızın yüksəldilməsi, ərazi bütövlüyümüzün tam bərpası ilə yekunlaşdı. Bu gün ölkəmizin hər bir guşəsində üçrəngli bayrağımız qürurla dalğalanır, xalqımızın birliyi və gücü bütün dünyaya nümayiş olunur”.