Bakı. Trend:
Anomal isti hava şəraiti bu yaya Avropa şəhərlərində 24 mindən çox insanın ölümünə səbəb olub.
Trend xəbər verir ki, bunu Londonun İmperiya kollecinin epidemoloqları və iqlimşünaslarından ibarət tədqiqat qrupunun hazırladığı ilkin hesabatın nəticələri göstərir.
Ekspertlər Avropanın 854 iri şəhərində ölüm hallarını təhlil edib.
Araşdırmanın nəticələrinə əsasən, iyun-avqust ayları ərzində Avropada ekstrimal isti hava şəraiti ilə əlaqədar 24,4 minə yaxın ölüm halı qeydə alınıb. Alimlərin hesablamalarına görə, onlardan 16,5 minə yaxını məhz istixana qazlarının artımından irəli gələn hava temperaturunun yüksəlməsi ilə əlaqəli olub.
“Fosil tipli yanacağın yandırılması ilə temperaturun yüksəlməsi və ölüm hallarının artması arasında səbəb-nəticə əlaqəsinin olması danılmazdır”, - İmperiya kollecinin iqlimşünası Fredirki Otto bildirib.