Bakı. Trend:
Xocalıya təşkil edilən ənənəvi media tur başa çatıb.
Trend-in Qarabağ bürosunun xəbərinə görə, jurnalistlər Prezidentin izi ilə Xocalıya təşkil edilən səfər çərçivəsində rayonunun Badara kəndində olublar.
Badara kəndində haqqında jurnalistlərə məlumat verərkən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Afət Telmanqızı bildirib ki, kənddə sosialyönümlü bir sıra layihələr icra olunub.
Belə ki, mövcud elektrik və qaz xətləri bərpa olunub, transformator quraşdırılıb, sayğaclaşdırma işləri görülüb, yeni qaz xətti çəkilib, rabitə xətləri üçün dirəklər basdırılıb, kabelin çəkilişi davam etdirilir. Badarada park və bayraq meydanı yaradılıb, yollara asfalt döşənib.
A.Telmanqızı həmçinin onu da bildirib ki, kəndin ərazisində ümumilikdə 313 fərdi ev var ki, onlardan da 55-i yararsız, 258-i isə qismən yararlıdır. Artıq 15 fərdi ev bərpa olunub. Cari ilin sonunadək 115, gələn il isə 128 evin bərpası planlaşdırılır. Artıq 14 ailə (55 nəfər) kəndə köçüb. Bununla da Xocalıya təşkil edilən media tur başa çatıb.
Qeyd edək ki, Silahlı Qüvvələrimizin 2023-cü ilin sentyabrında həyata keçirdikləri antiterror əməliyyatı zamanı Azərbaycanın nəzarətinə keçən kəndlərdən biri də Badaradır.