Bakı. Trend:
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması ilə bağlı tədbirlər çərçivəsində Bakı-Gəncə, Bakı-Sınıq Körpü (Qazax Sərhəd-Keçid Məntəqəsi), Bakı-Horadiz, Sumqayıt-Kürdəmir, Mingəçevir-Ağcabədi, Şəki-Gəncə, Bərdə-Gəncə, Lənkəran-Sumqayıt, Beyləqan-Gəncə, Sumqayıt-Cəbrayıl və Cəbrayıl-Sumqayıt, eləcə də paytaxtın 71 nömrəli şəhərdaxili avtobus marşrutlarını müsabiqəyə çıxarır.
Bu barədə Trend-ə AYNA-dan məlumat verilib.
Bildirilib ki, müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun olaraq təşkil edilir.
Sənədlər 16 oktyabr 2025-ci saat 17:00-dək Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində (ünvan: Bakı şəhəri, Hacı Məmmədov küçəsi 5; əlaqələndirici şəxs: Anar Məmmədov – tel.: 050-444-10-75, e-poçt: [email protected]) qəbul ediləcək.
Qeyd edək ki, müsabiqəyə əsas avtobuslarla yanaşı, ehtiyat nəqliyyat vasitələri də təqdim olunmalıdır.
İddiaçıların təkliflərinə komissiya tərəfindən Bakı-Gəncə, Bakı-Sınıq Körpü (Qazax Sərhəd-Keçid Məntəqəsi), Bakı-Horadiz, Sumqayıt-Kürdəmir və Mingəçevir-Ağcabədi istiqamətlərində 5 lot üzrə noyabrın7-də;
Şəki-Gəncə, Bərdə-Gəncə, Lənkəran-Sumqayıt, Beyləqan-Gəncə, Sumqayıt-Cəbrayıl və Cəbrayıl-Sumqayıt istiqamətlərində, eləcə də paytaxtın 71 nömrəli ("Koroğlu" NMM - "Azadlıq prospekti" metrostansiyası) şəhərdaxili avtobus marşrutları üzrə 7 lotda noyabrın 13-də baxılacaq.
Lotlar üzrə marşrutların qrafikləri haqqında məlumatı buradan əldə edə bilərsiniz.
Şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) marşrut xətləri qanunvericiliyin tələblərinə uyğun olaraq mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılmasıdır.