Bakı. Trend:
Orta dəhliz strateji mineral xammalın tədarükü üçün əsas marşrut olacaq.
Trend xəbər verir ki, bu barədə Amerikanın “Atlantic Council” analitik mərkəzinin dərc etdiyi materialda deyilir.
“Mərkəzi Asiya müasir texnologiyaların, o cümlədən smartfonlar, elektrik avtomobilləri və yarımkeçiricilərin istehsalı üçün tələb olunan olan kritik əhəmiyyətli minerallarla zəngindir. Orta dəhliz nadir torpaq elementləri uğrunda artan rəqabət fonunda getdikcə daha strateji əhəmiyyət kəsb edir”, – deyə“Atlantic Council”in analitikləri bildirirlər.
"Atlantic Council"in məlumatına görə, Cənubi Qafqazın Mərkəzi Asiyaya nəqliyyat infrastrukturunun genişləndirilməsi ölkələrə Orta dəhlizi genişləndirmək imkanı verəcək ki, bununla da Rusiya ərazisindən yan keçməklə etibarlı tədarük zəncirləri təmin olunacaq və müasir yüksək texnologiyalı sahələr üçün həyati əhəmiyyətli strateji minerallara və nadir torpaq elementlərinə çıxış mümkün olacaq.
Qeyd edək ki, Orta Dəhliz regionun bir sıra ölkələrindən keçən, Asiya ilə Avropanı birləşdirən nəqliyyat və ticarət marşrutudur. Bu, ənənəvi Şimal və Cənub dəhlizlərinə alternativdir.
Marşrut Çindən başlayır və Qazaxıstan, Özbəkistan və Türkmənistan kimi Mərkəzi Asiya ölkələrindən keçərək, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyədən keçərək Avropaya çatır. Orta Dəhliz Asiyanın şərq bölgələrini, o cümlədən, Çini Avropa ilə birləşdirən, daha uzun dəniz yollarından yan keçməklə quru yolu təklif edir.