...

ABŞ Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşunu 40%-ə yaxın artırıb

İqtisadiyyat Materials 17 Sentyabr 2025 14:01 (UTC +04:00)
ABŞ Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşunu 40%-ə yaxın artırıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin ilk 6 ayında Amerika Birləşmiş Ştatlarından (ABŞ) Azərbaycan iqtisadiyyatına cəlb olunmuş birbaşa xarici investisiyaların həcmi 89,493 milyon ABŞ dolları təşkil edib.

Bu barədə Trend Azərbaycan Mərkəzi Bankından məlumat əldə edib.

Məlumata əsasən, bu, ötən ilin eyni dövründəki göstərici ilə müqayisədə 25,452 milyon ABŞ dolları və ya 39,7% çoxdur.

Hesabat ilində Azərbaycana birbaşa xarici investisiyaların ümumi həcmində ABŞ-dən yatırılan investisiyaların payı 2,8% təşkil edib.

Öz növbəsində, Azərbaycan cari ilin ilk 6 ayında ABŞ iqtisadiyyatına 77,621 milyon ABŞ dolları sərmayə qoyub ki, bu da ötən ilin eyni dövründəki göstərici ilə müqayisədə 57,960 milyon ABŞ dolları və ya 3,9 dəfə çoxdur.

Birbaşa xarici investisiyaların ümumi həcmində ABŞ-yə yatırılan Azərbaycan investisiyalarının xüsusi çəkisi 5,8% təşkil edib. Bununla da ABŞ Azərbaycanın ən çox investisiya yatırımı etdiyi ölkələr sırasında 4-cü pillədə qərarlaşıb.

Xatırladaq ki, 2024-cü ilin ilk 6 ayında Amerika Birləşmiş Ştatlarından Azərbaycana birbaşa xarici investisiyaların həcmi 64,041 milyon ABŞ dolları, Azərbaycandan sözügedən ölkəyə yatırılan investisiyaların həcmi isə 19,661 milyon ABŞ dollarına bərabər olub.

Qeyd edək ki, 2025-ci ilin ilk 6 ayında Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyalar 3,222 milyard ABŞ dollarından çox olub. Bu isə 2024-cü ilin eyni dövründəki göstəriciyə nisbətən 244,295 milyon ABŞ dolları və ya 8,2% artım deməkdir.

Eyni zamanda hesabat dövrü ərzində Azərbaycandan xarici iqtisadiyyata yönəldilmiş birbaşa xarici investisiyaların həcmi isə 1,350 milyard ABŞ dolları olub ki, bu da 2024-cü ilin ilk 6 ayındakı göstərici ilə müqayisədə 351,561 milyon ABŞ dolları və ya 35,2% çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti