Bakı. Trend:
Avropa İttifaqı (Aİ) ölkələrində ilk dəfə sığınacaq üçün müraciət edənlərin sayı iyunda 52 265 nəfər təşkil edib.
Trend-in məlumatına görə, bu barədə Aİ-nin Statistika İdarəsi — "Eurostat" hesabat yayıb.
Bildirilir ki, göstərici ötən ilin iyun ayı ilə müqayisədə 27 faiz, bu ilin may ayı ilə müqayisədə isə 5 faiz azalıb.
Hesabata əsasən, 2024-cü ilin ikinci rübündə Aİ-də ümumilikdə 194 730 ilkin sığınacaq qərarı qəbul olunub, onların 65 735-i müsbət nəticələnib.
İyunda ən çox müraciət edənlər venesuelalılar (7 615), əfqanlar (4 085), banqladeşlilər (2 735) və suriyalılar (2 315) olub. Ən çox müraciət qeydə alınan ölkələr isə İspaniya (12 645), İtaliya (9 765), Fransa (9 510) və Almaniya (6 860) olub. Bu dörd ölkə bütün müraciətlərin təxminən 74 faizini təşkil edib.
İlin ikinci rübündə qəbul edilən müsbət qərarların 48 faizi qaçqın statusu, 28 faizi humanitar status, 24 faizi isə əlavə müdafiə statusu ilə nəticələnib. Ən çox müsbət qərarı İspaniya (16 060), Fransa (14 220) və Almaniya (13 450) verib.
Müdafiə statusu alanların böyük hissəsini əfqanlar (13 170), venesuelalılar (12 340) və somalililər (3 215) təşkil edib.