...

Azərbaycan və Türkiyə parlamentarilərinin regiondakı ictimai-siyasi vəziyyətə dair birgə sənəd qəbul edəcəyi gözlənilir

Siyasət Materials 6 Aprel 2009 16:38 (UTC +04:00)
Azərbaycan və Türkiyə parlamentarilərinin regiondakı ictimai-siyasi vəziyyətə dair birgə sənəd qəbul edəcəyi gözlənilir

Azərbaycan, Bаkı, 06 aprel / Trend , müxbir A.Hüseynbala /

Azərbaycan və Türkiyə parlamentarilərinin regiondakı ictimai-siyasi vəziyyətə dair birgə sənəd qəbul edəcəyi gözlənilir.

"Türkiyə parlamentində təmsil olunan partiyalarla məsləhətləşmələr başa çatıb. Bakıda keçiriləcək konfransın sonunda müzakirə olunan məsələlərlə bağlı hər hansı bir sənədin qəbulu da nəzərdə tutulur", - bazar ertəsi Trend -a Ana Vətən Partiyasının (AVP) sədri, millət vəkili Fəzail Ağamalı bildirib.

Trend -un arayışı: 2008-ci ilin axırlarında Azərbaycan parlamentində təmsil olunan altı - Ana Vətən, Bütöv Azərbaycan Xalq Cəbhəsi, Böyük Quruluş, Vətəndaş Həmrəyliyi, Ümid və Ədalət partiyaları Türkiyənin siyasi partiyaları arasında görüşün keçirilməsi məsələsini qaldırıblar. Görüşdə məqsəd Türkiyə-Ermənistan münasibətləri ilə bağlı hər iki cəmiyyətdə yaranan narahatlığı müzakirə etməkdir.

Türkiyə tərəfindən parlamentdə təmsil olunan partiyaların deputatları konfransda iştirak edəcək.

Ağamalının sözlərinə görə, Türkiyənin Böyük Millət Məclisində təmsil olunan partiya nümayəndələri toplantıda iştiraka razılıq verib.

"Bundan sonra qərara gəldik ki, aprelin ortalarında bu konfransı keçirək. Güman edirəm ki, tədbir ayın 15-də, yaxud 16-da baş tutacaq", - AVP sədri əlavə edib.

Millət vəkili deyib ki, "Türkiyə və Azərbaycan: ortaq maraqlar və problemlər" mövzusunda keçiriləcək konfransda qardaş ölkənin partiya nümayəndələri iştirak edəcək. "Partiya rəhbərlərinin Bakıya gələcəyinə isə inanmıram", - Ağamalı vurğulayıb.

Onun fikrincə, Azərbaycanın əvvəlcədən adları çəkilməyən digər partiya nümayəndələrinin də konfransda iştirakı istisna olunmur. "Amma bizim şərtimizə görə, toplantıda iqtidar-müxalifət münasibətləri tamamilə kənara qoyulmalıdır. Biz yalnız iki ölkə arasındakı münasibətləri, Türkiyənin Ermənistanla sərhədlərini açması ehtimalı ətrafında kifayət qədər ciddi müzakirələr aparacağıq", - AVP sədri deyib.

Ermənistan-Türkiyə əlaqələri 1993-cü ildən kəsilib. Səbəb Ermənistanın beynəlxalq aləmdə qondarma erməni soyqırımı iddiaları ilə Türkiyəyə qarşı kampaniya aparması və Azərbaycanın 20 faiz ərazisini işğal etməsidir. 2008-ci il sentyabrın 6-da futbol üzrə Dünya Çempionatının qrup oyunları çərçivəsində keçirilən Ermənistan-Türkiyə oyununa Ermənistan Prezidenti Serj Sarkisyan Türkiyə Prezidenti Abdullah Gülü Yerevana dəvət edib. Dəvəti qəbul edən Gülün bu səfərindən sonra iki ölkə arasında münasibətlərin normallaşdırılması üçün diplomatik səylər davam etdirilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti