Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə axşamı ABŞ müdafiə nazirinin Avropa və NATO siyasəti məsələləri üzrə müşaviri xanım Meri Varlikin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib, məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
Xanım Varlik Azərbaycan Dövlət Neft Akademiyasında çoxsaylı insan ölümü ilə nəticələnmiş faciəli hadisə ilə əlaqədar ABŞ Prezidenti Barak Obamanın başsağlığını Azərbaycanın dövlət başçısına çatdırıb. O, ölkəmizə Azərbaycanın NATO-nun "Sülh naminə tərəfdaşlıq" Proqramına qoşulmasının 15 illiyi münasibətilə Bakıda keçirilən "NATO-Azərbaycan: keçmişi qiymətləndirərək gələcəyə baxış" mövzusuna həsr olunmuş beynəlxalq konfransda iştirak etmək üçün səfər etdiyini deyib. Xanım Varlik İraqda və Əfqanıstanda aparılan sülhməramlı əməliyyatlara Azərbaycanın verdiyi töhfəyə görə ABŞ-ın minnətdarlığını ifadə edib.
Dövlətimizin başçısı ABŞ Prezidentinin başsağlığına görə təşəkkürünü bildirib. Prezident İlham Əliyev Azərbaycan-ABŞ ikitərəfli münasibətlərinin uğurla inkişaf etdiyini vurğulayıb. Azərbaycan-NATO əməkdaşlığına toxunan dövlət başçısı bu əlaqələrin genişlənməsindən məmnunluğunu bildirib.