...

İran Azərbaycan qazını Türkiyəyə ixrac etməyə hazırdır - NIGC-nin baş meneceri ilə müsahibə

Siyasət Materials 4 İyun 2009 10:58 (UTC +04:00)
İran Azərbaycan qazını Türkiyəyə ixrac etməyə hazırdır - NIGC-nin baş meneceri ilə müsahibə

Azərbaycan, Bakı, 03 iyun / Trend , müxbir T. Cəfərov /

Trend -ın İranın Milli Qaz Şirkətinin (NIGC) planlaşdırma üzrə direktoru Seyid Rza Hüseyni ilə müsahibəsi

- İran Pakistana qaz ixracına dair müqavilə imzalayıb. Sizin fikrinizcə, bu layihə səmərəlidirmi?

- İran qazının hər hansı bir ölkəyə, eyni zamanda Pakistana ixracı qiymətlərin İran üçün sərfəli olduğu halda səmərəli ola bilər. Hələ ki, biz Pakistan üçün qazın qiymətlərini müəyyənləşdirməmişik. Şirkətimiz İran höküməti ilə birgə sərfəli olacaq qiyməti müəyyənləşdirir. Əks halda İran qazının Pakistana ixracı barədə söhbət belə gedə bilməz.

- Bir sıra ekspertlər hesab edir ki, İran yalnız "Cənubi Fars" layihəsi tamamlandıqdan sonra Pakistana qaz ixrac edə bilər.

- Hazırda "Cənubi Fars" layihəsinin bir neçə mərhələsi reallaşmaq üzrədir. Düzdür, layihənin reaıllaşmasında bəzi ləngimələr olub, eyni zamanda İran qazının Pakistana ixrac edilməsi də bir neçə il ləngiyə bilər.  

- Hazırda şirkətiniz İranda hansı işləri görür?

-Bu gün İranda qaz istehlakı səviyyəsinin artırılması ilə əlaqədar olaraq 2 min kilometr uzunluğunda yeni boru kəmərləri salınır.

- İranın neft naziri bu yaxınlarda qeyd edib ki, bu ölkədə enerji istehlakının səviyyəsi həddindən artıq yüksəkdir və əgər belə davam edərsə, 2021-ci ilədək İran enerji resurslarının idxalçısına çevriləcək.

- Doğrudur, bizim enerji istehlakı siyasətimiz, nazirin də qeyd etdiyi kimi, düzgün deyil. Biz elə düşünürük ki, qaz sərfi səmərəli olmalıdır. Qazın daha səmərəli istifadəsi məqsədi ilə qiymətin qaldırılması proqramımız mövcuddur. Fikrimizcə, İranda qazın aşağı qiyməti onun səmərəsiz şəkildə istifadəsinə səbəb olur. Hazırda ekspertlər bu məsələ üzrəində işləyir. Biz mərhələlərlə qazın qiymətini qaldırmağı planlaşdırırıq. Bunun üçün isə qanunlara dəyişikliklər etmək lazımdır ki, bu da parlament tərəfindən təsdiq olunmalıdır. İnanırıq ki, qazın real dəyəri onun daha sərfəli şəkildə istehlakına gətirib çıxaracaq.

- Siz bu günlərdə Bakıda keçirilən beynəlxalq neft sərgisində iştirak edirsiniz. Azərbaycanla əməkdaşlıq üzrə hər hansı müzakirə aparırsınızmı?

- Biz Azərbaycana Türkiyəyə qaz ixracı məsələsində kömək edə bilərik. İran və Rusiyanı birləşdirən (Azərbaycan ərazisindən) köhnə ixrac boru kəməri mövcuddur. Bu kəmərin quraşdırılması üçün bütün texniki imkanlara malikik. Biz Azərbaycan qazının İran ərazisindən Türkiyəyə ixracına şərait yarada bilərik.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti