Azərbaycan, Bakı, 22 iyul / Trend , müxbir C.Babayeva /
Azərbaycanın Milli Məclisinin (Parlament) Mədəniyyət komitəsinin sədri hesab edir ki, Türkiyə türkcəsi türkdilli dövlətlərin ortaq dili olmalıdır.
"Ortaq türk dilinin yaradılması məsələsində müxtəlif təkliflər var. Amma bu təkliflər hələ müzakirə olunur. Belə bir təklif var ki, hər bir türkdilli xalqın dilindən müəyyən məqamlar götürülərək ümumi dil yaradılsın. Amma bu cür süni şəkildə yaradılan dil yaşaya bilməz. Biz hesab edirik ki, Türkiyə türkcəsi ortaq dil olmalıdır. Çünki onun müəyyən üstünlükləri var. Eyni zamanda, ortaq türk dili heç zaman rəsmi qərarla qəbul edilməməlidir", - Trend -un məlumatına görə, bu barədə çərşənbə günü komitənin sədri Nizami Cəfərov bildirib.
Trend -un arayışı: Dünyada altı müstəqil türk dövləti var. Bunlar Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Türkmənistandır. Türk xalqlarının 2007-ci ildə Bakıda keçirilən XI qurultayında ortaq türk dilinin yaradılması haqqında tövsiyə qəbul olunub.
Millət vəkilinin sözlərinə görə, ortaq türk dilinin yaradılması istiqamətində müzakirələr davam edir. "Ortaq türk dilinin yaradılması üçün türkdilli dövlətlərin biraraya gəlməsi vacibdir", - o bildirib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]