Azərbaycan, Bakı, 05 avqust / Trend , müxbir C.Babayeva /
"Dünya maliyyə böhranı fonunda Azərbaycanda bütün sahələrdə inkişaf nəzərə çarpır", - çərşənbə günü Bakıda, Buxarest şəhərinin 2-ci sektorunun meri Nikolay Ontsyanu Yeni Azərbaycan Partiyasının icraçı katibi Əli Əhmədovla görüşündə deyib.
"Bir sıra Avropa ölkələrində iqtisadi sahədə eniş müşahidə olunur və Avropa ölkələri yaranan bu durumdan çıxış yolu axtarışındadırlar. Təəssüf ki, görülən tədbirlər heç də həmişə uğurlu nəticə vermir. Bu fonda Azərbaycanda inkişaf davam edir", - Ontsyanu bildirib.
Mer qeyd edib ki, Rumıniya Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələr sırasında olması ilə fəxr edir.
"Azərbaycan Rumıniya üçün dost ölkədir və iki ölkə arasındakı münasibətlər yüksək səviyyədədir", - o deyib.
"Buxarest meriyası Azərbaycan və Rumıniya arasındakı münasibətlərin möhkəmləndirilməsində vacib rol oynayır", - görüş zamanı Yeni Azərbaycan Partiyasının icraçı katibi Əhmədov bildirib. "Prezident və Azərbaycan xalqı, iki ölkə arasındakı münasibətlərin möhkəmləndirilməsi işinə verdiyi töhfəyə görə Buxarestə minnətdardır", - Əhmədov deyib.
Ontsyanunun rəhbərlik etdiyi nümayəndə heyəti üç il bundan əvvəl Bakıda səfərdə olmuşdu. Ontsyanu Bakının Səbail rayonunun fəxri sakinidir. 2007-ci ildə Azərbaycan və Rumıniya prezidentləri Buxarestdə ümummilli lider Heydər Əliyevin adına parkın açılışında iştirak ediblər.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]