Azərbaycan, Bakı, 29 avqust / Trend /
"İşğal edilmiş bütün rayonlar ardıcıllıqla azad ediləcək, soydaşlarımız həmin rayonlara qayıdacaqlar. Orada bütün infrastruktur bərpa olunacaq və daha sonra gələcək mərhələdə Dağlıq Qarabağın hüquqi statusu müəyyən ediləcək. Biz hər zaman demişik, əlbəttə, Dağlıq Qarabağın statusu olmalıdır, amma biz bu statusu Azərbaycanın ərazi bütövlüyündən kənarda görmürük və heç vaxt Azərbaycan dövləti buna razı olmayacaq", - Azərbaycan Prezidenti İlham Əliyev Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin müqəddəs Ramazan ayı münasibətilə açdığı iftar süfrəsi zamanı bəyan edib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
Trend -un arayışı: İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.
1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.
"Bütün dövrlərdə bizim mövqeyimiz ondan ibarət olub ki, bu məsələ yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilə bilər", - dövlət başçısı bəyan edib. "Dağlıq Qarabağda insanlar yüksək muxtariyyət statusu çərçivəsində, vahid Azərbaycan dövləti çərçivəsində yaşaya bilərlər. Bu gün bu prinsiplər əsas götürülübdür. Yəni danışıqlar bu prinsiplər əsasında aparılır və istənilən razılaşma ancaq bu prinsiplər əsasında ola bilər. Biz bütün dövrlərdə demişik və bu gün də deyirik ki, məsələ ancaq mərhələli yolla həll oluna bilər. Bu gün danışıqlar mövzusu olan təkliflər məhz mərhələli həlli təmin edir", - Prezident bildirib.
Azərbaycanın dövlət başçısı bəyan edib ki, danışıqlar prosesində əldə olunan irəliləyişlər aparılan məqsədyönlü siyasətin nəticəsidir. "Deyə bilərəm ki, bizim səylərimiz danışıqlar prosesində artıq ilk nəticələrini verməkdədir", - Prezident bildirib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]