İran və Azərbaycan narkotik qaçaqmalçılığına qarşı mübarizəni gücləndirməlidirlər – səfir

Siyasət Materials 17 Sentyabr 2009 09:11 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 sentyabr / Trend , müxbir D.Xatınoğlu /

İranın Azərbaycandakı səfiri Məhəmmədbağır Bəhrami hesab edir ki, İran və Azərbaycan narkotik qaçaqmalçılığına qarşı mübarizə sahəsində birgə ciddi tədbirlər həyata keçirməlidirlər.

"Təəssüflər olsun ki, Azərbaycan və İran sərhədindən narkotik maddələr qaçaq yolla keçirilir. Hər iki ölkə bu sahədə ciddi tədbirlər həyata keçirməlidir. Əlbəttə, hər iki ölkə narkotiklərlə mübarizə sahəsində müştərək komitə çərçivəsində müzakirələr aparıb və dəyərli razılaşmalar da əldə olunub", - çərşənbə günü Trend -a eksklüziv müsahibəsində Bəhrami bildirib.

Trend -un arayışı: Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı təkcə Daxili İşlər Nazirliyi tərəfindən son beş ildə aşkar edilən faktların sayı 71 faiz artıb. Azərbaycanda cəza çəkən İran vətəndaşlarının yarıdan çoxu narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə məhkum olunublar.

Səfirin sözlərinə görə, İranın daxilində qonşuluqda istehsal olunan narkotik maddələrlə bağlı təzyiqlər var. "ABŞ-ın Əfqanıstana hücumundan öncə bu ölkədə narkotik maddələrin istehsal həcmi əgər 1-2 min ton idisə, hazırda bu rəqəm 14 min tona çatıb", - Bəhrami deyib.

Bəhrami hesab edir ki, Əfqanıstan və Pakistanda narkotik maddələr hərbi əməliyyatlar aparan regiondankənar ölkələrin əlində vasitədir. "Onlar əgər Əl-Qaidə və Talibanı məhv etməkdə iddialıdırlarsa, nə üçün narkotik maddələrin istehsal həcmini artırıblar. Mən bu məsələyə BMT-də çıxışım zamanı toxunmuşam. Əgər İran narkotik maddələrin qarşısını almasa, region ölkələri "ağ ölüm"ün çənginə düşərdi", - səfir bildirib.

Səfirin sözlərinə görə, İran narkotiklərlə mübarizə üçün ildə 500 milyondan bir milyard dollara qədər vəsait sərf edir. "Bizim polis nəfərlərimiz bu "ağ ölüm"lə mübarizədə şəhid olurlar. Ölkə daxilində narkotik maddələrlə bağlı cinayətkarlara ağır cəzalar veririk. Narkotik maddələrlə bağlı həbs olunanlar ümumi məhkəmədə deyil İnqilab məhkəmələrində mühakimə olunur", - Bəhrami deyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti