...

Azərbaycanda ötən il insan alverinin qurbanları daha çox Türkiyə, Pakistan, BƏƏ, İran və Rusiyada istismar olunub - DİN-in idarə rəisi

Siyasət Materials 8 Yanvar 2010 13:06 (UTC +04:00)
Azərbaycanda ötən il insan alverinin qurbanı olan qadınlar daha çox Türkiyə, Pakistan, Birləşmiş Ərəb Əmirlikləri və İrana aparılaraq istismar olunublar. Bunu cümə günü Trend News-a açıqlamasında Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəisi, polis polkovniki Cavad Şıxəliyev bildirib.
Azərbaycanda ötən il insan alverinin qurbanları daha çox Türkiyə, Pakistan, BƏƏ, İran və Rusiyada istismar olunub - DİN-in idarə rəisi

Azərbaycan, Bakı, 08 yanvar / Trend , müxbir K.Zərbalıyeva/

Azərbaycanda ötən il insan alverinin qurbanı olan qadınlar daha çox Türkiyə, Pakistan, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və İrana aparılaraq istismar olunublar. Bunu cümə günü Trend -a açıqlamasında Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəisi, polis polkovniki Cavad Şıxəliyev bildirib.

"Son illər Azərbaycandan Rusiyaya aparılan qadınların da sayı artıb", - Şıxəliyev deyib.

İdarə rəisinin sözlərinə görə, ötən il insan alveri ilə bağlı aşkar edilmiş 80 faktın əksəriyyətinin qurbanı qadınlardır. Aşkarlanmış faktlar nəticəsində 91 qurban müəyyən edilib ki, onlardan 10 nəfəri 2009-cu ildə baş vermiş cinayətlərin payına düşüb. Qeydə alınmış insan alveri faktlarına görə 70 nəfər cinayət məsuliyyətinə cəlb olunub. Məsuliyyətə cəlb olunmuş şəxslərin 90-95 faizi qadınlardır. Ötən il bu qəbildən olan cinayətlər sırasında 3 fakt əməyin istismarı ilə bağlıdır. Həmin faktlardan ikisi Azərbaycan, biri isə Rusiya ilə bağlıdır.

Şıxəliyev bildirib ki, insan alverinin qurbanı olan qadınların əksəriyyəti uğursuz ailələrdən çıxan, savadsız, dünyagörüşü az olanlardır.

Ötən il aşkarlanmış insan alveri qurbanlarının 48-i sığınacaqlarda yerləşdirilib və onlara tibbi, psixoloji, hüquqi və digər yardımlar göstərilib.

Onlardan 42 nəfəri peşə təhsili kurslarına cəlb olunub, 19-u işlə təmin olunublar.

2009-cu il Uşaq ili olduğu üçün ötən il insan alverinin qurbanı olmuş uşaqlar üçün də sığınacaq yaradılıb. Həmin sığınacaqda 4 uşaq yerləşdirilib. Onlardan ikisi azyaşlı uşaq, ikisi isə yetkinlik yaşına çatmayan qızdır.

İdarə rəisi bildirib ki, həmin uşaqlara sığınacaqda qaldığı müddətdə təhsillərini davam etdirmək üçün Təhsil Nazirliyi tərəfindən müvafiq şərait yaradılıb.

İnsan alverinin qurbanı olmuş 76 nəfərə dövlət tərəfindən ayrılmış müavinətlər verilib.

Şıxəliyev bu məbləğin mərhələlərlə artırılaraq 500-600 manata çatdırılacağını bildirib.

Azərbaycanda insan alveri ilə mübarizəyə xüsusi diqqət ayrıldığını deyən idarə rəsmisi bildirib ki, bu məqsədlə ötən il İkinci Milli Fəaliyyət Planı (2009-2013) təsdiq olunub, Nazirlər Kabineti tərəfindən Milli İstiqamətləndirmə Mexanizmi, "Qurbanların müəyyən edilməsi" Qaydaları təsdiq olunub və icraya yönəlib.

Həmçinin 45 qeyri-hökumət təşkilatı ilə birgə əməkdaşlıqla bağlı memorandum imzalanıb.

İdarə rəisinin sözlərinə görə, həyata keçirilən tədbirlərin nəticəsi olaraq son dövrlər insan alverinin qurbanlarının İdarəyə müraciətlərinin sayı çoxalıb. Şıxəliyev həmin şəxslərin anonimliyinin qorunması şərti ilə onlara müvafiq yardımların edildiyini vurğulayıb.

Xəbər lenti

Xəbər lenti