...

Türkiyədə hərbi çevriliş istəyini ordunun adına yazmaq doğru deyil - türkiyəli analitik

Siyasət Materials 29 Yanvar 2010 11:08 (UTC +04:00)
Türkiyədə "Balyoz" ("Gürz") adı altında həyata keçirilməsi planlaşdırılan hərbi çevrilişdən sonra həbs edilməsi gözlənilən türkiyəli yazıçı-analitik Əhməd Taşgetiren hesab edir ki, iddia edilən hərbi çevriliş planını Türkiyə Silahlı Qüvvələrinin adına yazmaq doğru deyil.
Türkiyədə hərbi çevriliş istəyini ordunun adına yazmaq doğru deyil - türkiyəli analitik

Azərbaycan, Bakı, 28 yanvar / Trend , müxbir R.Hafizoğlu/

Türkiyədə "Balyoz" ("Gürz") adı altında həyata keçirilməsi planlaşdırılan hərbi çevrilişdən sonra həbs edilməsi gözlənilən türkiyəli yazıçı-analitik Əhməd Taşgetiren hesab edir ki, iddia edilən hərbi çevriliş planını Türkiyə Silahlı Qüvvələrinin adına yazmaq doğru deyil.

"Türkiyədə gözlənilən "Balyoz" hərbi çevriliş planını bütünlükdə ordunun adına yazmaq doğru deyil", - Taşgetiren cümə axşamı İstanbuldan telefonla Trend -a bildirb.

Trend - un arayışı: Türkiyənin iqtidaryönlü "TARAF" qəzetinin iddiasına görə, Türkiyə Silahlı Qüvvələri ölkə hakimiyyətini devirmək üçün "Balyoz" adlı xüsusi plan hazırlayıb. Hazırlanan plana əsasən, İstanbuldakı "Fatih Camisi" və "Bəyazid" məscidlərini cümə namazı zamanı partlatdıqdan, ölkənin hərbi muzeyinə hücum təşkil etdikdən, Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus bir neçə qırıcı təyyarəni partladaraq bunu yunan tərəfinin üzərinə atdıqdan sonra Türkiyə Silahlı Qüvvələri ölkədə yaranacaq xaosdan istifadə edərək hakimiyyəti devirəcəkdi. Qəzetin iddiasına görə, planın hazırlanmasında və həyata keçirilməsində Türkiyə Silahlı Qüvvələrinin sabiq generalı Çetin Doğanın imzası var və plan 2002-2003-cü illərdə hazırlanıb. İddiaya görə, Türkiyədə hərbi çevrilişdən sonra kütləvi həbslər başlanmalı idi.

"Balyoz" adlı çevriliş planının baş tutacağı və hakimiyyətin dəyişəcəyi təqdirdə, ölkədə tanınmış yazıçılardan olan Əbdürrəhman Dilipak, Əhməd Taşgetiren, Akif Əmrə, Fəhmi Koru da daxil olmaqla, 36 yazıçı və kolumnist  həbs edilməli idi.

Qəzetin iddiasından sonra Türkiyə Ordusunun Baş Qərargah rəisi İlker Başbuğ verdiyi açıqlamada ordunun hakimiyyəti devirmək planının olmadığını bildirib. "Balyoz" planı ilə bağlı açıqlama verən Başbuğ bunun hərbi təlim olduğunu da deyib.

Başbuğ Allahın adı ilə hərəkət edən türk ordusunun məscidləri partlatmasının mümkün olmadığını və bunun böhtan olduğunu bildirib.

Türkiyəli yazıçının sözlərinə görə, Türkiyə Silahlı Qüvvələri məscidləri partladacaq qədər aciz bir ordu deyil. Taşgetiren onu da əlavə edib ki, ordu daxilində bəzi qüvvələr var ki, onlar çevriliş planı hazırlayıb və bunun baş tutmasında çox maraqlıdırlar.

"Ordu daxilində çevriliş istəyində olanların mövcudluğu ciddi siqnaldır və təəssüfedici haldır", - Taşgetiren bildirib.

O hesab edir ki, hakimiyyət baş verənləri diqqətlə araşdırmalıdır. Taşgetirenin sözlərinə görə, "Balyoz" planı ilə daha əvvəllər ifşa olunan "Ergenekon" terror təşkilatının əlaqəsi var və bu plan yaxın illərdə deyil, çoxdan hazırlanan bir plandır.

O hesab edir ki, Türkiyə Ordusunun Baş Qərargah rəisinin bununla bağlı verdiyi açıqlama kifayət deyil və olanlarla bağlı daha konkret açıqlama verilməlidir.

Taşgetiren onu da qeyd edib ki, son zamanlar ölkədə çevriliş planlarının tez-tez gündəmə gəlməsi həssas regionda yerləşən və uğurlu xarici siyasət yürüdən bir ölkənin (Türkiyə) təhlükəsizliyinə xələl gətirə bilər.

O hesab edir ki, Türkiyə hazırda güclü demokratikləşmə prosesini keçir.

"Hakimiyyətə şeçki ilə gələn seçki ilə də getməlidir. Ordunun hakimiyyətə hərbi yolla müdaxiləsi yolverilməzdir", - o əlavə edib.

Taşgetirenin fikrincə, Türkiyədə baş verənlər ölkənin demokratikləşməsinə daha da yardımçı olacaq.

"Baş verənləri "doğuşdan əvvəl sancı" kimi dəyərləndirmək olar. Ölkə demokratiyaya "hamilədir", - o əlavə edib.

Xəbər lenti

Xəbər lenti