...

Azərbaycan Prezidenti Danimarkanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib

Siyasət Materials 3 Mart 2010 17:51 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə günü Danimarkanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ole Egberq Mikkelsenin etimadnaməsini qəbul edib.
Azərbaycan Prezidenti Danimarkanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə günü Danimarkanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ole Egberq Mikkelsenin etimadnaməsini qəbul edib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Səfir Prezident sarayında fəxri qarovul dəstəsinin qarşısından keçib.

Səfir Ole Egberq Mikkelsen etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib. Sonra Azərbaycan Prezidenti səfirlə söhbət edib.

Dövlətimizin başçısı ölkələrimiz arasında münasibətlərin uğurla inkişaf etdiyini vurğulayıb. Əməkdaşlıq üçün yaxşı potensialın olduğunu bildirən Prezident İlham Əliyev ölkələrimizin imkanları barədə daha çox məlumatın olmasını və bunun üçün fəal əlaqələr qurmağın zəruriliyini qeyd edib. Dövlətimizin başçısı ölkələrimiz arasında, xüsusilə iqtisadi sahədə məhsuldar əməkdaşlığın olacağına əminliyini bildirib.

Danimarkanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ole Egberq Mikkelsen Kraliça II Marqretenin salamlarını və xoş arzularını dövlətimizin başçısına çatdırıb. O, ölkəmizdəki diplomatik fəaliyyəti dövründə Azərbaycan ilə Danimarka arasında münasibətlərin daha da genişləndirilməsi işində səylərini əsirgəməyəcəyini deyib.

Dövlətimizin başçısı Danimarka Kraliçası II Marqretenin salamlarına və xoş arzularına görə minnətdarlığını bildirib, onun da salamlarını və xoş arzularını Kraliçaya çatdırmağı xahiş edib.

Xəbər lenti

Xəbər lenti