...

MDB-nin bütün üzvləri Dağlıq Qarabağ münaqişəsinin tezliklə nizamlanmasında maraqlıdır - təşkilatın icraçı katibi Sergey Lebedev (MÜSAHİBƏ)

Siyasət Materials 17 Mart 2010 09:00 (UTC +04:00)
Martın 26-da Moskvada keçiriləcək MDB Xarici İşlər Nazirləri Şurasının iclası ərəfəsində Trend News-un Avropa redaksiyasının MDB-nin icraçı katibi Sergey Lebedev ilə müsahibəsi
MDB-nin bütün üzvləri Dağlıq Qarabağ münaqişəsinin tezliklə nizamlanmasında maraqlıdır - təşkilatın icraçı katibi Sergey Lebedev (MÜSAHİBƏ)

Azərbaycan, Bakı, 16 mart / Trend , müxbir E.Tarıverdiyeva/

Martın 26-da Moskvada keçiriləcək MDB Xarici İşlər Nazirləri Şurasının iclası ərəfəsində Trend -un Avropa redaksiyasının MDB-nin icraçı katibi Sergey Lebedev ilə müsahibəsi

- Martın 26-da Moskvada MDB Xarici İşlər Nazirləri Şurasının iclasında hansı əsas mövzular müzakirə olunacaq?

- MDB Xarici İşlər Nazirləri Şurasının iclasında 20-yə yaxın məsələnin müzakirəsi gözlənilir. Bunlar humanitar, təhlükəsizliyin təminatı sahələrində, eləcə də beynəlxalq sahədə qarşılıqlı fəaliyyətə dair dövlətlərarası əməkdaşlığın inkişafı və genişləndirilməsinə aiddir.

Bu il biz 1941-1945-ci illərdə Böyük Vətən müharibəsində qələbənin 65-ci ildönümünü qeyd edəcəyik. 2010-cu il MDB-də Veteranlar İli elan edilib. Nazirlər MDB dövlət başçılarının müharibə veteranlarına və arxa cəbhənin zəhmətkeşlərinə müraciətini nəzərdən keçirəcəklər. Müraciətdə böyük səylər hesabına milyonlarla insana azadlıq verən qaliblər nəslinə dərin təşəkkür ifadə olunur. Veteranların təcrübə və biliyi böyüməkdə olan nəslin tərbiyəsi, tarixin saxtalaşdırılmasına cəhdlərin qarşısının alınması üçün xüsusilə önəmlidir. Həmçinin, MDB dövlətləri veteran təşkilatlarının qarşısında duran ictimai baxımdan əhəmiyyətli vəzifələrin həllinə yönələn tədbirlər planı müzakirə ediləcək. Nazirlər 9 May ərəfəsində təhsil müəssisələrində Böyük Vətən müharibəsində qələbəyə həsr olunmuş vahid dərsin (günün) keçirilməsi haqqında təklifi müzakirə edəcəklər.

Həmçinin, dekabrda Müstəqil Dövlətlər Birliyinə həsr olunmuş analoji vahid dərsin (günün) keçirilməsinə dair qərarın qəbulu təklif olunur.

"Qazaxıstan Respublikasının Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatında sədrliyi haqqında" qərarın layihəsi Qazaxıstanın bu təşkilatın səmərəliliyinin artırılmasına, MDB və ATƏT arasında qarşılıqlı fəaliyyətin gələcək inkişafına yönələn səylərinin dəstəklənməsini nəzərdə tutur.

Rusiya tərəfi "Avropa təhlükəsizliyi haqqında" müqavilə layihəsini təqdim edib. Bu, Avropada yeni, bugünkü reallıqlara uyğun təhlükəsizliyin formalaşmasına yönəlib. Rusiyanın təşəbbüsünün dəstəklənməsi təklif olunur.

"Korrupsiyaya qarşı mübarizədə əməkdaşlıq haqqında" sazişdə MDB dövlətlərində formalaşmış korrupsiyaya qarşı mübarizənin hüquqi və təşkilati əsasları əksini tapıb, həmçinin, bu sahədə dövlətlərin əməkdaşlığını tənzimləyən universal beynəlxalq müqavilələrin bəzi müddəaları dəqiqləşdirilib. "Vətəndaşların dövlətlərarası axtarışı haqqında" müqavilənin layihəsi də nəzərdən keçiriləcək.

Şuranın iclasında 2010-cu ildə Birlik dövlətlərindəki seçkilərdə MDB müşahidəçilər missiyasının fəaliyyətinin davam etdirilməsinə dair sənədin müzakirəsi və razılaşdırılması nəzərdə tutulur.

- Birliyin iki ölkəsi - Ermənistan və Azərbaycan bu gün hərbi münaqişə şəraitindədir. Siz Ermənistan-Azərbaycan münaqişəsinin həllini necə görürsünüz? MDB problemin nizamlanmasına necə yardım edə bilər?

- Heç bir şübhə yoxdur ki, Birliyin bütün üzvləri həmin münaqişənin tezliklə həll edilməsində maraqlıdır. Əgər Ermənistan və Azərbaycan münaqişənin sülh yolu ilə ədalətli həllinə nail ola bilsələr, MDB-nin İcraiyyə Komitəsinin sədri kimi, mən çox şad olardım.

MDB-nin İcraiyyə Komitəsi, Birliyin digər strukturları Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında birbaşa iştirak edir, qarşılıqlı qəbul edilə bilən həllin axtarışına dair bütün səyləri öz imkanları daxilində dəstəkləyir.

- MDB-nin nə kimi perspektivləri var? Belə bir fikir var ki, təşkilat öz aktuallığını itirir.

- Həm MDB dövlət rəhbərləri, həm də hökumət başçıları son görüş zamanı MDB-nin saxlanılması və möhkəmləndirilməsinin zəruriliyi və əhəmiyyətini birtərəfli olaraq vurğulayıblar.

Birlik çərçivəsində bir çox aktual məsələlər həll edilib və edilir, MDB ölkələri üçün daha maraqlı və zəruri olan dövlətlərarası proqramlar həyata keçirilir. 2008-2009-cu illərdə MDB-nin İqtisadi İnkişafı Strategiyasının, həmçinin nəqliyyat, energetika, innovasiya, humanitar sahələrdə əməkdaşlığın dərinləşdirilməsinə dair proqram sənədlərinin qəbul edilməsi Birliyin saxlanılmasının, gələcək inkişafının və təkmilləşdirilməsinin aktuallığını bir daha təsdiq edir.

- 2010-cu ilin əvvəlində Belarus, Qazaxıstan və Rusiya Gömrük Birliyi yaradıb. Siz bu təşkilatın səmərəliliyini necə qiymətləndirirsiniz?

- Gömrük Birliyi artıq üç aydır mövcuddur. Hesab edirəm ki, onu yaradan dövlətlər bu təşkilatın səmərəliliyinə və gələcəkdə müsbət nəticələrinə əsaslı şəkildə ümid edirlər. Öz növbəsində MDB-nin digər dövlətləri də Gömrük Birliyinə qoşulmaq arzusunda olduqlarını bildiriblər. 2012-ci ilədək Belarus, Qazaxıstan və Rusiyanın vahid iqtisadi məkanın yaradılmasını planlaşdırması faktını nəzərə alsaq, bu, artıq inteqrasiyanın daha yüksək səviyyəsidir. Şübhəsiz ki, bu cür dinamika Birlik dövlətlərinin maraqlarına cavab verir.

- Sizin fikrinizcə, MDB-nin Antiböhran Fondunun yaradılması Birlik ölkələrin iqtisadiyyatının inkişafına nə dərəcədə kömək edə bilər?

- MDB dövlətlərinin, xüsusilə də böhrandan daha çox zərər görən dövlətlərin maliyyə dəstəyinə ehtiyacı təbii ki, böyükdür. Bu gün Avrasiya İqtisadi Birliyi çərçivəsində maliyyə yardımı etmək üçün beş ölkənin daxil olduğu Antiböhran Fondu yaradılıb (10 mlrd dollar kapitalla). Fonda Avrasiya İqtisadi Birliyinə daxil olmayan digər MDB dövlətlərinin də qoşulması istisna edilmir.

Eyni zamanda, Birlik çərçivəsində investisiya layihələrinin maliyyələşdirilməsi üçün MDB-nin Dövlətlərarası Bankından səmərəli istifadəyə ideyalar işlənib hazırlanır.

Birlik dövlətlərinin qlobal iqtisadi-maliyyə böhranının nəticələrini aradan qaldırılması üzrə birgə tədbirləri ilə yanaşı, bu addımlar sözsüz ki, MDB ölkələrinin milli iqtisadiyyatının inkişafına kömək edəcək.

- "MDB ölkələrinin azad ticarət zonası haqqında" müqavilənin işlənib hazırlanması hansı mərhələdədir?

- Bu mühüm müqavilənin layihəsinin hazırlanması üçün Birlik dövlətlərinin nümayəndələrindən ibarət işçi qrupu yaradılıb. Artıq işçi qrupunun üç iclası keçirilib. Növbəti iclasın bu il martın 23-23-də keçiriləcəyi nəzərdə tutulur. MDB dövlətləri işçi qrupunun iclaslarında nəzərdən keçiriləcək təkliflərini artıq təqdim ediblər.

Azad ticarət zonası haqqında müqavilənin qəbul olunması Birlik məkanında ticarətin genişmiqyaslı liberallaşdırılması üçün müasir tələblərə cavab verən vahid hüquq bazasının formalaşdırılmasına, tarif və gömrük siyasətinin formalaşdırılması üzrə razılaşdırılmış addımların atılmasına, qarşılıqlı ticarətdə mövcud olan maneələrin aradan qaldırılmasına imkan yaradacaq.

Sənəd layihəsi üzərində işlərin tamamlanması bu il nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti