Azərbaycan, Bakı, 5 aprel /Trend, müxbir M.Əliyev/
Azərbaycan Mərkəzi Seçki Komissiyası (MSK) bazar ertəsi dairə seçki komissiyalarının fəaliyyəti haqqında monitorinq keçirilməsinə başlayıb. Bu barədə Mərkəzi Seçki Komissiyasının mətbuat xidmətinin məlumatında deyilir.
Monitorinqin keçirilməsi üçün MSK üzvləri və Komissiya Katibliyinin əməkdaşlarından altı qrup yaradılıb. Qruplar seçki prosesində DSK-ların üzərinə düşən vəzifələrin icrası, kargüzarlığın aparılması, DSK-ların maddi-texniki təchizatı vəziyyəti və s. məsələlərlə bağlı hərtərəfli yoxlamalar aparacaqlar.
Monitorinqlər 125 seçki dairəsi dairə seçki komissiyasının hamısını əhatə edəcək və aprel ayının 20-nə qədər yekunlaşacaq. Monitorinqin nəticələrinə Mərkəzi Seçki Komissiyası tərəfindən qiymət veriləcək.