Rumıniya müəyyən yanlışlıqlardan yayınmaq üçün Avropa İttifaqı ölkələrinə inteqrasiya prosesində Azərbaycana kömək və yardım göstərməyə hazırdır. Belə ki, inteqrasiya çətin prosesdir. Bu barədə cümə günü Rumıniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri, NATO-nun Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Nikolaye Urek səfirlərlə müntəzəm keçirilən görüşlər çərçivəsində Azərbaycan Prezidenti Yanında Strateji Araşdırmalar Mərkəzində təşkil olunan görüş zamanı bildirib.
Görüşlərin mövzusu NATO-nun yeni strategiyası, onun müttəfiqləri ilə münasibətləri və alyansın strategiyasının yenilənməsi prosesində Rumıniyanın rolu olub.
"NATO strategiyasının konsepsiyasının yenilənmə prosesi Xəzər regionu ölkələri ilə əməkdaşlığın inkişafını özündə birləşdirir və Azərbaycan NATO-nun çox mühüm tərəfdaşıdır", - Urek bildirib.
Rumıniya səfiri görüş zamanı bildirib ki, yeni strategiyanın əsas istiqamətlərindən biri tərəfdaşlığın möhkəmləndirilməsi və müttəfiqlərlə BMT, Aİ, ATƏT kimi institutlar arasında əməkdaşlığın möhkəmləndirilməsidir.