Azərbaycan, Bakı, 15 aprel /Trend, müxbir A.Hüseynbala/
Azərbaycan Parlamentinin deputatı hesab edir ki, ABŞ Prezidenti aprelin 24-dəki ənənəvi çıxışında soyqırım ifadəsini işlətməyəcək.
"Prezident Barak Obama 1915-ci ildə baş verən hadisələri etnik mənsubiyyətinə görə qırğın kimi qiymətləndirməyəcək", - cümə axşamı Trend-ə hakim Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə bildirib.
Trend-in arayışı: Ermənistan və erməni lobbisi iddia edir ki, Türkiyənin sələfi - Osmanlı İmperiyası 1915-ci ildə Anadoluda yaşayan ermənilərə qarşı soyqırım həyata keçirib. Bu faktın bütün dünyada tanınmasını istəyən ermənilər dünya ölkələrində "soyqırım" təbliğatını gücləndirərək, onun bəzi dövlətlərin parlamentləri tərəfindən tanınmasına nail olublar.
Mirzəzadənin fikrincə, ABŞ-ın dövlətçilik ənənələri, dünya qarşısında böyük dövlət kimi bir məsuliyyət məsələsi var.
"Bir etnik qrupun çirkin maraqlarına görə ABŞ öz nüfuzunu belə məsələlərə xərcləyə bilməz. Hesab edirəm ki, ötənilki kimi müraciət olacaq, amma ABŞ bu addımı atmayacaq", - o əlavə edib.
Millət vəkili deyib ki, ABŞ bunu edərsə, dövlət kimi nüfuzunu itirə bilər.
"ABŞ hökuməti bu zaman xırda hisslərin qurbanı olduğunu sübut edər, Türkiyə kimi nüfuzlu əməkdaşını itirə bilər", - Mirzəzadə vurğulayıb.