...

Azərbaycanda demoqrafik problem yaşana bilər – deputat

Siyasət Materials 26 Aprel 2010 12:21 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 aprel /Trend, müxbir A.Hüseynbala/

Azərbaycan Parlamenti komitə sədrinin müavini hesab edir ki, ölkədə demoqrafik artım 30 il əvvəllə müqayisədə aşağı düşüb.

"Əminəm ki, Avropanın üzləşdiyi demoqrafik problemlə Azərbaycan ailəsi kəskin formada üzləşməyəcək. Ancaq bir həqiqəti etiraf etmək lazımdır ki, bu gün ölkəmizdə demoqrafik artım 30 il əvvəllə müqayisədə aşağı düşüb və xüsusilə də təəssüf doğuran bir haldır ki, yeni doğulan körpələr arasında qız uşaqlarının sayı aşağı düşür. Bax, bu baxımdan, Azərbaycanda 15-20 ildən sonra kifayət qədər ciddi demoqrafik bir problem yaşana bilər", - Trend-in məlumatına görə, bazar ertsəi jurnalistlərə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Gültəkin Hacıbəyli bildirib.

Hacbəylinin sözlərinə görə, uşağın cinsinin seçim imkanlarının olması, bu prosesin tənzimlənmə mexanizminin mövcudluğu, əslində, gələcəkdə demoqrafik problemə gətirib çıxara biləcək bir şəraitə səbəb olur. "Doğulacaq uşağın cinsini tənzimləyən, daha doğrusu, burada seçim etmək imkanı olan ailələr o seçimdən yararlanırlar və oğlan uşaqlarına daha çox üstünlük verirlər; bu da gələcəkdə müəyyən problemlərin yaşanmasına gətirib çıxara bilər", - millət vəkili əlavə edib.

Onun fikrincə, amma ümumilikdə nə Azərbaycanda, nə də ikinci vətənimiz olan Türkiyəmizdə belə bir problemin yaxın gələcəkdə yaşanması gözlənilmir. Əksinə, Azərbaycan cəmiyyətində də, Türkiyə cəmiyyətində də ailələr bu kimi məsələlərdə tarixi bağlara söykənərək, daha çox önəm verməkdədirlər", - komitə sədrinin müavini vurğulayıb.

Hacıbəyli deyib ki, bu gün Azərbaycan artıq miqrasiya mənbəyi olan ölkədən daha çox miqrasiyanın təyinatı olan ölkəyə çevrilməkdədir. "Bu gün şəhərlərimizdə, hətta kəndlərimizdə belə İraqdan, İrandan, Çindən, Əfqanıstandan, Flippindən Azərbaycana mühacirət etmiş miqrantlarla rastlaşırıq. Bu insanlar daha yaxşı iş şəraiti əldə etmək, daha yaxşı iqtisadi imkanlar qazanmaq arsuzu ilə Azərbaycana üz tuturlar. Digər tərəfdən, azərbaycanlı miqrantların daha çox üz tutduqları, onların ikinci ünvanına çevrilmiş Rusiyada iqtisadi tənəzzülün dərinləşdiyi bir məqamda, buradan Azərbaycana qayıtmaq meyilləri müşahidə olunur. Sözsüz ki, sahibkarlıq üçün münbit şərait yarandıqca, sahibkarlara dəstək gücləndikcə, Azərbaycana qayıtmaq istəyində olan soydaşlarımızın sayı da artacaq", - sədr müavini xatırladıb.

Xəbər lenti

Xəbər lenti