...

Azərbaycanda xarici vətəndaşların kredit kartlarından istifadə edərək, bank hesablarından külli miqdarda pulun "AZAL"ın hesabına köçürülməsi ilə bağlı cinayətin digər iştirakçıları yaxalanıb - MTN

Siyasət Materials 22 İyun 2010 15:00 (UTC +04:00)
Xarici ölkə vətəndaşlarının kredit kartlarından gizli istifadə edərək, internetlə özgəsinin bank hesablarından oğurladıqları külli miqdarda pulun «Azərbaycan Hava Yolları» Qapalı Səhmdar Cəmiyyətinin hesabına köçürülməsi ilə bağlı cinayətin digər iştirakçıları yaxalanıb. Bu barədə çərşənbə axşamı Trend-ə Milli Təhlükəsizlik Nazirliyinin İctimaiyyətlə Əlaqələr Mərkəzindən məlumat verilib
Azərbaycanda xarici vətəndaşların kredit kartlarından istifadə edərək, bank hesablarından  külli miqdarda pulun "AZAL"ın hesabına köçürülməsi ilə bağlı cinayətin digər iştirakçıları yaxalanıb - MTN

Azərbaycan, Bakı, 22 iyun /Trend, müxbir K.Zərbalıyeva/

Xarici ölkə vətəndaşlarının kredit kartlarından gizli istifadə edərək internetlə özgəsinin bank hesablarından oğurladıqları külli miqdarda pulun "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin hesabına köçürülməsi ilə bağlı cinayətin digər iştirakçıları yaxalanıb. Bu barədə çərşənbə axşamı Trend-ə Milli Təhlükəsizlik Nazirliyinin İctimaiyyətlə Əlaqələr Mərkəzindən məlumat verilib.

"Cinayətin digər iştirakçılarının ifşası üçün zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilmişdir. Belə ki, həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində, mütəşəkkil dəstənin daha 7 üzvü ifşa olunaraq yaxalanmışdır. Hazırda Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsində dəstə üzvləri - Nigeriya Federativ Respublikasının vətəndaşları Bello Ashmy Yaqub, Baloqun Samson Oluvafemi, Fadeyibi Oluqbenqa Moses, Azərbaycan Respublikasının vətəndaşı Musayev Anar Kahin oğlu və qeyrilərinin qanunazidd əməlləri üzrə məhkəmə istintaqı aparılır", - məlumatda qeyd edilir.

Mütəşəkkil dəstənin digər üzvləri barəsində ayrılmış cinayət işi üzrə Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsi tərəfindən zəruri istintaq hərəkətləri həyata keçirilmişdir. İstintaqın gedişində mütəşəkkil dəstənin üzvü, xarici ölkə vətəndaşlarının elektron visa kartlarına internetlə gizli girərək onların bank hesablarından külli miqdarda vəsaitlərini oğurlayıb "Azərbaycan Hava Yolları" QSC-nin müxtəlif reyslərinə avia-biletlər əldə etmiş və müxtəlif şəxslərə nağd pula sataraq külli miqdarda vəsaiti mənimsəmiş Azərbaycan Respublikasının vətəndaşı Baxışov Zaur Şərafət oğlunun 3 sentyabr 2009-cu il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilməsinə dair qərar qəbul olunmuşdur. Lakin Zaur Baxışovun Azərbaycan Respublikasından kənarda, yəni Birləşmiş Ərəb Əmirliklərində gizləndiyi müəyyən edildiyi üçün onun barəsində həbs qətimkan tədbiri seçilməklə axtarışı elan olunmuşdur. Onun tezliklə axtarılıb tapılması və tutulması üçün intensiv, səriştəli tədbirlər həyata keçirilmiş, nəticədə Zaur Baxışov Dubay şəhərində saxlanılmış və 2010-cu il iyunun 18-də Azərbaycan Respublikasına ekstradisiya edilmiş, istintaqa təhvil verilmişdir.

Cinayət işi üzrə bütün halların araşdırılması, bu hüquqazidd əməllərin digər mümkün iştirakçılarının müəyyən olunması üçün zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Daha öncə həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində, xarici ölkə vətəndaşlarının kredit kartlarından gizli istifadə edərək, internetlə özgəsinin bank hesablarından oğurladıqları külli miqdarda pulu "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin hesabına köçürüb, həmin cəmiyyətin müxtəlif avia reyslərinə elektron avia-biletləri əldə etməklə və bu biletləri nağd pula ayrı-ayrı şəxslərə satmaqla məşğul olan Azərbaycan Respublikasının və xarici ölkələrin vətəndaşlarından ibarət transmilli mütəşəkkil cinayətkar dəstənin ifşa olunaraq yaxalanması barədə əvvələr Milli Təhlükəsizlik Nazirliyi İctimai Əlaqələr Mərkəzinın məlumatı açıqlanmışdır.

İstintaqla müəyyənləşdirilmişdir ki, göstərilən hüquqazidd əməllər, yəni "Azərbaycan Hava Yolları" QSC-nin qanunla qorunan kompüter informasiyasına qanunsuz müdaxilə şirkətin işinin pozulmasına səbəb olmuş və bunun nəticəsində şirkətə 100 min manata yaxın zərər vurulmuşdur.

Faktla bağlı Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsi tərəfindən tam və hərtərəfli ibtidai istintaq aparılaraq başa catdırılmış, cinayət işi məhkəmə baxışı üçün təqdim olunmuşdur. Ağır Cinayətlərə Dair Işlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 19 may 2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 271.2.1-ci və 271.2.3-cü, (mütəşəkkil dəstə tərəfindən kompüter informasiyasına qanunsuz daxil olma ilə külli miqdarda ziyan vurma), 177.3.1-ci və 177.3.2-ci (mütəşəkkil dəstə tərəfindən özgənin külli miqdarda əmlakını gizli talama) və digər maddələr ilə Nigeriya Federativ Respublikasının vətəndaşı Mutiu Olovu, Azərbaycan Respublikasının vətəndaşları Vaqif Mirzəzadə, Elyar Qocazadə, Əhliman Məmmədov və qeyriləri müxtəlif müddətlərə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşlar.

Xəbər lenti

Xəbər lenti