...

İsrail "Azadlıq donanması"nın Türkiyəyə məxsus gəmilərini qaytarır

Siyasət Materials 5 Avqust 2010 18:11 (UTC +04:00)
Qəzza bölgəsinin blokadasını pozduqlarına görə İsrail ərazisində saxlanılan "Azadlıq donanması"nın Türkiyəyə məxsus gəmiləri cümə axşamı Türkiyəyə qaytarılacaq.
İsrail "Azadlıq donanması"nın Türkiyəyə məxsus gəmilərini qaytarır

Azərbaycan, Bakı, 5 avqust /Trend, müxbir Y.Ostapenko/

Qəzza bölgəsinin blokadasını pozduqlarına görə İsrail ərazisində saxlanılan "Azadlıq donanması"nın Türkiyəyə məxsus gəmiləri cümə axşamı Türkiyəyə qaytarılacaq. Bu barədə İsrail Müdafiə Nazirliyinin məlumatında qeyd olunub.

"Siyasi rəhbərliyin qərarı və Türkiyə hakimiyyətinin sorğusuna əsasən, İsrailin Müdafiə Nazirliyi avqustun 5-də Türkiyə nümayəndələrinə Qəzza bölgəsində HƏMAS rejiminin dəniz blokadasını pozmağa cəhd göstərən və hazırda İsraildə lövbərdə duran Türkiyə gəmilərini qaytaracaq", - məlumatda deyilir.

Mayın 31-də İsrailin Hərbi Dəniz Qüvvələri İsrail Silahlı Qüvvələri tərəfindən blokadaya alınmış Qəzza bölgəsinə humanitar yardım aparan "Azadlıq Donanması"nın altı gəmisini saxlayıb. İsrail SQ-nin müdaxiləsi nəticəsində Türkiyənin "Mavi Mərmərə" gəmisində 9 sülhməramlı həlak olub.

Türkiyə hökuməti İsraildən rəsmi üzr istəməsini və həlak olanların ailələrinə kompensasiya verilməsini tələb edir. Əvvəllər imtina etməsinə baxmayaraq, İsrail hökuməti artıq BMT ilə əməkdaşlıqda beynəlxalq araşdırmanın aparılmasına razılıq verib. Dörd nəfərdən ibarət ekspert qrupu İsrail və Türkiyə tərəflərinin nümayəndələrini özündə birləşdirəcək.

Müdafiə Nazirliyinin məlumatında vurğulanır ki, Türkiyənin üç yedək gəmisi cümə axşamı İsrailə gələcək. Həmin gəmilərin ekipajına İsrail ərazisində göyərtəsində şəxsi avadanlıqla lövbərdə dayanan Türkiyənin üç gəmisi təhvil veriləcək.

İsrail Xarici İşlər Nazirliyi Türkiyə hökumətinə məktub göndərərək Türkiyənin bundan sonra ölkənin digər gəmiləri tərəfindən Qəzzanın dəniz blokadasının pozulmasına mane olacağına ümid etdiyini bildirib. Məlumatda qeyd edilib ki, İsrail Qəzza bölgəsinə beynəlxalq ictimaiyyətin qəbul etdiyi və təsdiq edilmiş razılaşmalar əsasında yerüstü yolla mütəmadi olaraq avadanlıq və mallar təchiz edir.

"Azadlıq donanması" ilə bağlı hadisədən sonra beynəlxalq ictimaiyyət Qəzza bölgəsinin blokadasına görə İsraili kəskin surətdə tənqid etməyə başlayıb və nəticədə bu, blokadanın zəiflədilməsinə səbəb olub.

İsrail Qəzzanı, üç il bundan əvvəl bu regionun Fələstinin HƏMAS qruplaşmasının nəzarəti altına keçməsindən sonra blokadaya alıb.

Xəbər lenti

Xəbər lenti