...

Azərbaycan ilə Niderland arasında hüquqi sahədə əməkdaşlıq genişlənir

Siyasət Materials 9 Avqust 2010 14:55 (UTC +04:00)
Niderlandın ədliyyə nazirinin Azərbaycana səfəri başlayıb.
Azərbaycan ilə Niderland arasında hüquqi sahədə əməkdaşlıq genişlənir

Azərbaycan, Bakı, 9 avqust /Trend, müxbir K.Zərbalıyeva/

Niderlandın ədliyyə nazirinin Azərbaycana səfəri başlayıb.

Ədliyyə Nazirliyi mətbuat xidmətindən bazar ertəsi Trend-ə verilən məlumata görə, bu gün Niderland Krallığının ədliyyə naziri Ernst Hirş Ballin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan ədliyyə naziri Fikrət Məmmədovla görüşüb.

Azərbaycan və Niderland arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafını qeyd edən Məmmədov, iki ölkənin ədliyyə orqanları arasında 2002-ci ildə imzalanan Anlaşma Memorandumunun hüquqi sahədə əlaqələrin inkişafına təkan verdiyini vurğulayıb, qarşılıqlı münasibətlərin dərinləşdirilməsi üçün böyük perspektivlərini olduğunu bildirib.

Qonağa Azərbaycanda həyata keçirilən ədliyyə və məhkəmə islahatları barədə məlumat verilib.

Niderlandın ədliyyə naziri Azərbaycanla hərtərəfli əməkdaşlığa böyük önəm verdiyini bildirib və qeyd edib ki, dünyada hökm sürən maliyyə böhranı şəraitində Azərbaycanın tərəqqisinin şahidi olub.

Ballin ölkəmizdə məhkəmə və ədliyyə, o cümlədən, penitensiar sistemdə aparılan islahatları və əldə olunmuş nailiyyətləri təqdir edib, Azərbaycana səfərinin hüquqi sahədə əlaqələrin inkişafına töhfə olacağını vurğulayaraq, əməkdaşlığın daha da genişləndirilməsi üçün dəstək verməyə hazırlığını söyləyib.

Görüşdə ədliyyənin müxtəlif istiqamətləri üzrə birgə tədbirlərin həyata keçirilməsi ilə bağlı razılıq əldə olunub, inzibati ədliyyənin formalaşdırılması, Ədliyyə Akademiyasının fəaliyyəti, hakim və hakimliyə namizədlərin treninqi, o cümlədən, xaricə tədris səfərlərinin təşkili, QHT-lərlə əməkdaşlıq və penitensiar sistemdə islahatlar, habelə digər maraq kəsb edən mövzular üzrə faydalı fikir mübadiləsi aparılıb.

Qonaqlara Azərbaycan dövləti, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı materialları əks etdirən DVD-disklər, müasir ədliyyə fəaliyyətini və iki ölkə arasında hüquqi əlaqələri əks etdirən xüsusi jurnallar təqdim edilib.

Niderlandlı nazir bu gün penitensiar sahədə aparılan islahatlar ilə yaxından tanış olmaq üçün müasir, beynəlxalq standartlara uyğun inşa olunmuş yeni Bakı İstintaq Təcridxanasına baş çəkib.

Səfər çərçivəsində Niderland ədliyyə nazirinin ölkəmizdə bir sıra rəsmi görüşləri, habelə bölgələrdə yerli ədliyyə və məhkəmə orqanlarının fəaliyyəti ilə tanışlığı nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti