Azərbaycan, Bakı, 15 sentyabr /Trend/
Türkiyə XİN başçısı Əhməd Davudoğlu ABŞ dövlət katibi Hillari Klintonla Türkiyə-Ermənistan protokolları məsələsini müzakirə edib. Bu barədə CNN Turk xəbər verib.
Söhbər zamanı Davudoğlu bəyan edib ki, Türkiyə gələcəkdə Türkiyə-Ermənistan protokollarının Ermənistanla Azərbaycan arasında Dağlıq Qarabağ üzrə sülh sazişi əldə olunmasından sonra ratifikasiyasına ümid edir.
2009-cu il oktyabrın 10-da Sürixdə Türkiyə və Ermənistan xarici işlər nazirləri Əhməd Davudoğlu və Edvard Nalbandyan tərəfindən diplomatik münasibətlərin qurulmasına dair protokollar imzalanıb. Aprelin 22-də Ermənistan prezidenti Serj Sarkisyan xalqa müraciətində protokolların ratifikasiyasının dondurulduğunu bildirib.
Türkiyə və Ermənistan arasında diplomatik münasibətlər mövcud deyil, iki ölkə arasında sərhədlər 1993-cü ildən bağlıdır. Buna səbəb ermənilərin "soyqırım" iddiası və bunu dünya səviyyəsində tanıtmaq cəhdləri, həmçinin, Ermənistan SQ tərəfindən Azərbaycan ərazilərinin işğalı olub.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.
BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.