Azərbaycan, Bakı, 15 sentyabr /Trend/
ABŞ-ın müdafiə naziri Robert Geyts Rusiya ilə raket əleyhinə müdafiə (RƏM) sahəsində və Azərbaycanda Qəbələ RLS-dən istifadə üzrə əməkdaşlıqda maraqlı olduğunu təsdiq edib. Xəbəri "Deutsche Welle" yayıb.
ABŞ müdafiə naziri Geyts "İnterfaks"a müsahibəsində bildirib ki, Birləşmiş Ştatlar Rusiyadan öz milli təhlükəsizliyinə təhlükə görmür. Onun sözlərinə görə, Rusiyanın yeni ballistik raketlərin yaradılmasına dair planları silahların modernləşdirilməsi kimi, normal qəbul edilir, ABŞ da öz növbəsində bunu edəcək."Biz eyni sahədə tərəfdaş, digər sahələrdə isə rəqibik. Lakin vacib məsələlərdə əməkdaşlıq edirik", - Geyts öz rusiyalı həmkarı Anatoli Seryukovla danışıqlardan bir gün əvvəl deyib. Əməkdaşlığın nəticələri kimi, Moskvada planlaşdırılan raket buraxılmaları haqqında məlumatların mübadiləsi üzrə mərkəzin yaradılması ola bilər.
Amerika müdafiə idarəsinin rəhbəri qeyd edib ki, nə Rusiyanın yeni ballistik raketlərin yaradılmasına dair planları, nə də ABŞ-ın Avropadakı RƏM kompleksləri iki ölkənin əməkdaşlığına ziddiyyət təşkil etmir. ABŞ Rusiyadan öz milli təhlükəsizliyinə təhlükə görmür.
"Avropada RƏM, dəfələrlə dediyimiz kimi, İrandan müdafiə üçün nəzərdə tutulub", - Geyts vurğulayaraq bildirib ki, nə fiziki xüsusiyyətlər, nə də coğrafi baxımdan onlar Rusiya raketləri üçün təhlükə mənbəyi kimi qəbul edilə bilməz.