...

Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatında əsaslı hüquqi islahatların aparılmasına ehtiyac var – Mahmud Məmmədquliyev

Siyasət Materials 29 Noyabr 2010 18:29 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 noyabr /Trend, müxbir T.Hacıyev/

Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatında (QİƏT) əsaslı hüquqi və institusional islahatların aparılmasına ehtiyac var. Bunu təşkilata üzv olan dövlətlərin Xarici İşlər Nazirləri Şurasının Yunanıstanda keçirilən 23-cü toplantısında çıxışı zamanı Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev deyib.

"Qərarların qəbul edilməsi mexanizminin təkmilləşdirilməsi, təşkilat çərçivəsində əməkdaşlığın prioritet sahələr və konkret layihələr ətrafında cəmləşdirilməsi zəruridir", - Məmmədquliyev əlavə edib. Məlumatı bazar ertəsi Xarici İşlər Nazirliyinin mətbuat xidməti yayıb.

Nazir müavini QİƏT-in perspektivinin və Azərbaycanın təşkilatdan gözləntilərinin yüksək olduğunu bildirib, təşkilatın səmərəliliyinin artırılmasının və fəaliyyətinin nəticə yönümlü olmasının vacibliyinə toxunub.

Məmmədquliyev QİƏT çərçivəsində iqtisadi əməkdaşlığa əsas maneə törədən dondurulmuş münaqişələr həll edilmədən və regionda sabitlik bərqərar olmadan hərtərəfli iqtisadi əməkdaşlığın səmərəsiz olacağını bəyan edib.

Tədbir əsasında xarici işlər nazirinin müavini yunanıstanlı həmkarı ilə ikitərəfli görüş keçirib. Görüşdə iki ölkə arasında ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıqla bağlı məsələlər müzakirə olunub.

Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı 1998-ci ildə yaradılıb. Quruma Azərbaycan, Albaniya, Ermənistan, Bolqarıstan, Yunanıstan, Gürcüstan, Moldova, Rusiya, Rumıniya, Türkiyə və Ukrayna ölkələri üzvdür.

Xəbər lenti

Xəbər lenti