Azərbaycan, Bakı, 20 dekabr /Trend, müxbir E.Tariverdiyeva/
Son günlər Rusiyada baş verən etniklərarası toqquşmalar azərbaycanlılara toxunmur. Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin buna əmindir.
"Etniklərarası toqquşmalarla bağlı vəziyyət sakit deyil, bu hadisələrə müxtəlif qiymətlər vermək olar. Düşünürəm ki, birtərəfli nəticələr çıxarmaq üçün tələsməyə dəyməz. Rusiya rəhbərliyi üçün bu çox ciddi siqnaldır və hakimiyyət bu problemlə ciddi şəkildə məşğul olacaq", - bazar ertəsi jurnalistlərə Doroxin bildirib.
Moskvada vəziyyət dekabrın 11-də futbol fanatları və millətçilərin Manej meydanında iğtişalar törətməsindən sonra gərginləşib. Nümayişçilər kabardin və balkarlılarla davada öldürülən "Spartak"ın azarkeşi Yeqor Sviridovun qatilinin cəzalandırılmasını tələb ediblər. Müstəntiq ölümdə şübhəli bilinərək saxlanılan altı qafqazlıdan beşini azad edib.
"Xoşbəxtlikdən, bu vəziyyət azərbaycanlılara toxunmur, mən buna təəccüblənmirəm, çünki soydaşlarınız Rusiyada özlərini layiqli aparırlar", - Doroxin qeyd edib.