Azərbaycan, Bakı, 24 dekabr /Trend, müxbir T.Hacıyev/
Yeni Azərbaycan Partiyasının (YAP) Səbail rayon təşkilatının yeni binası istifadəyə verilib. Trend-in məlumatına görə, açılış mərasimində hakim partiyanın sədr müavini, icra katibi Əli Əhmədov, Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov və müavini Bahar Muradova, partiya funksionerləri iştirak ediblər.
YAP-ın sədr müavini Əli Əhmədov qeyd edib ki, binanın açılışı Prezident İlham Əliyevin doğum gününə təsadüf edir və bu hal böyük əhəmiyyətə malikdir. O, deyib ki, İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda çox böyük işlər görülür.
Açılış mərasimində YAP-ın Səbail rayon təşkilatının sədri Zahid Qaralov, Səbail rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov da çıxış edərək ürək sözlərini söyləyiblər.
Tədbirdə qeyd olunub ki, binanın inşası zamanı yerli materiallarla yanaşı bir sıra xarici ölkələrdən gətirilmiş tikinti materiallarından da istifadə olunub.
YAP-ın Səbail rayon təşkilatı 1993-cü ildə yaradılıb.
Yeni Azərbaycan Partiyası 1992-ci ilin noyabr ayında təsis edilib və partiyanın ilk sədri Heydər Əliyev seçilib. Partiya 1992-ci il dekabr ayının 18-də Ədliyyə Nazirliyində qeydiyyata alınıb. Partiyanın ideologiyasının əsasında azərbaycançılıq, vətəndaş həmrəyliyi, demokratik dəyərlər dayanır. Siyasi sistemdə mövqeyi sağ-mərkəzçidir.
YAP hazırda Azərbaycan Milli Məclisində 71 deputatla təmsil olunur. Partiyanın sədri Azərbaycan Prezidenti İlham Əliyevdir.