Azərbaycan, Bakı, 6 yanvar /Trend, müxbir M.Əliyev/
2011-ci il Ermənistan dövlətçiliyinin taleyinin həll olunacağı il olacaq. Bunu cümə axşamı Trend Beynəlxalq İnformasiya Agentliyinin konfrans zalında keçirdiyi mətbuat konfransında Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.
"Ermənistanda 2010-cu ildə baş verən hadisələrin əksəriyyəti neqativ təmayüllüdür və bunun da mərkəzində Dağlıq Qarabağ münaqişəsinin həll olunmaması durur", - politoloq bildirib.
Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsi il ərzində Ermənistanın daxilində bir sıra - demoqrafik problem, erməni diasporunun assimilyasiyası, iqtisadi böhran fonunda qiymətlərin bahalaşmasını, ordunun və hərbi sahənin ümumilikdə problem içərisində boğulması kimi problemləri üzə çıxartdı.
Əhmədoğlu onu da qeyd edib ki, il ərzində Ermənistanda hakimiyyətdaxili proseslər kifayət qədər kəskinləşib və bunun bariz nümunəsi kimi ölkə parlamentinin spikeri ilə prezident arasında mövcud narazılıqları göstərmək olar.
"Ermənistanda 2010-cu ilin ən vacib hadisələrindən biri ASALA terror təşkilatının bu ölkədə toplaşması olub. Bu toplantı Ermənistanın ictimai-siyasi həyatına mənfi təsir edərək erməni diasporunun ABŞ-da, Rusiyada mövqelərinin zəifləməsinə səbəb oldu", - Əhmədoğlu deyib.
Politoloq qeyd edib ki, ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistanın terror təşkilatı tərəfindən idarə olunmasından nəticə çıxarmalıdırlar və anlamalıdırlar ki, Dağlıq Qarabağ münaqişəsini yaradan tərəf bu məsələnin dinc yolla həllindən uzaqlaşmağa cəhd edir.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.
BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.