...

Azərbaycan cəmiyyətinin açıqlığı müxtəlif dini icmaların mövcudluğu üçün şərait yaradıb – baş konsul

Siyasət Materials 10 Yanvar 2011 11:48 (UTC +04:00)
Los-Ancelesdəki ən iri sinaqoq olan Bet Amdakı ənənvi şənbə ayini çərçivəsində Azərbaycanın strateji roluna həsr olunmuş seminar keçirilib. Bu barədə Azərbaycanın Los-Ancelesdəki baş konsuluğundan məlumat verilib.
Azərbaycan cəmiyyətinin açıqlığı müxtəlif dini icmaların mövcudluğu üçün şərait yaradıb – baş konsul

Azərbaycan, Bakı, 10 yanvar /Trend/

Los-Ancelesdəki ən iri sinaqoq olan Bet Amdakı ənənvi şənbə ayini çərçivəsində Azərbaycanın strateji roluna həsr olunmuş seminar keçirilib. Bu barədə Azərbaycanın Los-Ancelesdəki baş konsuluğundan məlumat verilib.

Müzakirələri müsəlman-yəhudi dialoqu sahəsində öz araşdırmaları ilə məşhur olan Cənubi Kaliforniya Universitetinin professoru Ruven Fayrston açıb və o, Azərbaycan tarixi haqqında danışaraq bu ölkədəki tolerantlıq ənənələrini və antisemitizmin yoxluğunu  xüsusi qeyd edib. Sinaqoqun ravvini Adam Kliqfeld də çıxış edib.

Baş konsul Elin Süleymanov yəhudi icmasının Azərbaycanın inkişafına töhfəsini, Azərbaycan və yəhudi icmalarının mehriban münasibətlərini, eləcə də Azərbaycan-İsrail əlaqələrinin müsbət dinamikasını qeyd edib.

Diplomat 1990-cı ilin yanvarında baş vermiş faciəli hadisələri xatırladıb və qeyd edib ki, amansızlığı ilə misli görünməmiş bu aksiya ilə sovet hakimiyyəti yalnız Azərbaycan xalqının suveren və müstəqil dövlət quruculuğuna iradəsini möhkəmləndirdi. O, bildirib ki, bununla yanaşı, Azərbaycan dövlətçiliyinin əsasında etnik və dini mənsubiyyətindən asılı olmayaraq, ölkədə yaşayan bütün vətəndaşların həmrəyliyi durur.

"Qara yanvar" qurbanları arasında azərbaycanlılarla yanaşı, yəhudilər, ruslar və Azərbaycanda yaşayan digər xalqların nümayəndələri də var. Yəhudi icmasının nümayəndələri də daxil olmaqla Azərbaycanın çoxmillətli vətəndaşları da öz vətənlərinin erməni təcavüzündən müdafiəsinə qalxıblar.

Elin Süleymanov qeyd edib ki, müstəqil dövlətçiliyin möhkəmlənməsi və ölkənin inkişafının sürətlənməsi Prezident İlham Əliyevin strategiyasının əsas prioritetləridir. 1991-ci ildə müstəqilliyin əldə olunması keçmiş SSRİ ölkələrinə sərbəst inkişaf üçün nadir tarixi imkan verdi. Təəssüf ki, postsovet məkanındakı digər ölkələrdən fərqli olaraq, rəsmi Yerevanın eksponsionizmin dar etnik ideyalarına əsaslanan siyasəti Ermənistana həqiqi müstəqil dövlət olmağa imkan vermir və erməni xalqının öz gələcəyini dağıdır.

Azərbaycanlı diplomat ABŞ-ın regiondakı tərəfdaşları ilə münasibətlərindəki ikili standartlardan imtina etməsinin vacibliyi üzərində xüsusilə dayanıb. Bu, ilk növbədə onun üçün vacibdir ki, Vaşinqton dünyada obyektiv vasitəçi kimi qəbul edilsin. Bu məsələ müsəlman ölkələri ilə münasibətlərdə xüsusilə aktualdır. Süleymanov müsəlmanlar və yəhudilər arasında mədəniyyətlərarası dialoq və qarşılıqlı anlaşmada verdiyi töhfəyə görə professor Fayrstona minnətdarlığını bildirib və qeyd edib ki, məhz Azərbaycan cəmiyyətinin açıqlığı müxtəlif dini icmaların əsrlərdən bəri mövcudluğu və əməkdaşlığı üçün şərait yaratmağa imkan verib. Bu gün islam və digər dini ənənələr ölkədə dinamik inkişaf edir. Eyni zamanda, elə təsəvvür yaranır ki, Azərbaycandakı tolerantlıq nümunəsi ölkənin hüdudlarından kənarda cəmiyyətdə sabitliyi pozmağa cəhd göstərən və dünyəvi cəmiyyətdə dinin roluna dair müzakirələrin konstruktiv və zəruri prosesinə radikalizm elementləri daxil etməyə cəhd edən bəzi qüvvələri qane etmir.

Ümumilikdə, cəmiyyətin inkişaf prosesinə xarici qüvvələrin sabitliyi pozan müdaxiləsi nə Azərbaycanın, nə də ümumilikdə regionun maraqlarına cavab verir. Təcrübə göstərir ki, ABŞ münaqişələrin, ilk növbədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında aktiv rol oynamaqla, eyni zamanda, bərabər hüquq, qarşılıqlı faydalı əməkdaşlıq əsasında dost dövlətlərin suverenliyini və dövlətçiliyini dəstəkləməklə, regional inteqrasiya və inkişafa yardım edə bilər.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti