Azərbaycan, Bakı, 20 yanvar /Trend/
Yanvarın 13-də Azərbaycanda səfərdə olan Avropa Komissiyasının sədri Joze Manuel Barrozu Prezident İlham Əliyevlə birgə mətbuat konfransında çıxışı zaman digər məsələlərlə birlikdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə danışarkən Azərbaycan Respublikasının ərazi bütövlüyünü dəstəklədiyini bildirib.
"İcazə verin, onu da bildirim ki, Avropa İttifaqı əlbəttə ki, tərəfdaşlarının, o cümlədən Azərbaycanın ərazi bütövlüyü prinsipini dəstəkləyir. Biz ATƏT-in Minsk qrupunun səylərini tam dəstəkləyirik və etimad yaratma tədbirlərini maliyyələşdirməyə hazırıq", - Barrozu deyib. Bu barədə Azərbaycan XİN-in mətbuat xidmətinin məlumatında deyilir.
Xarici İşlər Nazirliyi dərin narahatlıqla bildirir ki, Barrozunun xarici və yerli kütləvi informasiya vasitələri qarşısında etdiyi çıxış Avropa Komissiyasının rəsmi internet səhifəsində tam şəkildə yerləşdirilməyib və çıxışın Azərbaycanın ərazi bütövlüyünə aid hissəsi çıxarılaraq digər fikirlərlə əvəz edilib.
Xarici İşlər Nazirliyi bildirir ki, belə bir hal təəssüf və təəccüb doğuraraq Avropa İttifaqı ilə münasibətləri, qarşılıqlı etimad və əməkdaşlığı ciddi sual atına qoya bilər. Xarici İşlər Nazirliyi bir daha xatırladır ki, Azərbaycan Respublikası BMT, ATƏT və digər beynəlxalq təşkilatlara SSRİ daxilində olduğu sərhədləri çərçivəsində üzv qəbul olunub və ölkənin ərazi bütövlüyü və suverenliyi dünyanın bütün dövlətləri tərəfindən (Ermənistan Respublikası istisna olmaqla) tanınır. Avropa Komissiyasının rəsmi internet səhifəsində M.Barrozunun çıxışına edilən düzəlişlər Avropa İttifaqının imicinə mənfi təsir edə biləcək addım kimi qiymətləndirilərək, eyni zamanda, Aİ ilə Azərbaycan arasında 1999-cu ildə imzalanmış "Əməkdaşlıq və tərəfdaşlıq sazişi"nin ruhuna ziddir.