...

Azərbaycanın müxalif partiyası Əbülfəz Elçibəyə "İstiqlal" ordeninin verilməsini təklif edir

Siyasət Materials 24 Yanvar 2011 18:17 (UTC +04:00)
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) Elçibəyin xatirəsinin əbədiləşdirilməsini təklif edir. Trend-in məlumatına görə, bu barədə fikirlər BAXCP-nin bazar ertəsi keçirilən iclasında səsləndirilib.

Azərbaycan, Bakı, 24 yanvar /Trend, müxbir T.Hacıyev/

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) Elçibəyin xatirəsinin əbədiləşdirilməsini təklif edir. Trend-in məlumatına görə, bu barədə fikirlər BAXCP-nin bazar ertəsi keçirilən iclasında səsləndirilib.

Bu il Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünün yüksək səviyyədə qeyd olunacağı barədə rəsmi açıqlamaları önə çəkən BAXCP İdarə Heyətinin üzvləri 18 oktyabr tarixinin dövlətçilik tariximizdə önəmli yer tutduğunu vurğulayıblar. Qeyd olunub ki, dövlət müstəqilliyimizin bərpası və qorunub saxlanılması şübhəsiz ki, Azərbaycan xalqının ən böyük tarixi nailiyyətidir. Bu nailiyyətin əldə olunmasında isə Milli Azadlıq Hərəkatı və onun lideri Əbülfəz Elçibəy ən önəmli yerlərdən birini tutur. BAXCP İdarə Heyəti hesab edir ki, dövlət müstəqilliyimizin bərpasının 20-ci ildönümündə bu tarixi hadisənin gerçəkləşməsində müstəsna rolu olan Əbülfəz Elçibəy hörmətlə anılmalı və onun Azərbaycan dövləti və xalqı qarşısındakı xidmətləri layiqincə dəyərləndirilməlidir.

BAXCP İdarə Heyəti bu məqsədlə Əbülfəz Elçibəyin xatirəsinin əbədiləşdirilməsini, ona ölümündən sonra "İstiqlal" ordeninin verilməsini və onun ailəsinin sosial müdaifəsinin gücləndirilməsini təklif edir.

"Bu addımların atılması milli birliyimizin möhkəmləndirilməsində və cəmiyyətimizin inkişafında mühüm rol oynaya bilər", - iclasda qeyd olunub.

Azərbaycan Milli Azadlıq Hərəkatının lideri Əbülfəz Elçibəy 1992-1993-cü illərdə Azərbaycan Prezidenti olub. Onun prezidentliyi dövründə sovet qoşunları ölkədən çıxarılıb, Azərbaycanın milli valyutası dövriyyəyə buraxılıb, ali məktəblərə qəbul imtahanlarında test üsulu tətbiq edilib.

Əbülfəz Elçibəy 2000-ci il avqustun 22-də Türkiyədə, müalicə olunduğu "Gülhanə" xəstəxanasında vəfat edib.

Xəbər lenti

Xəbər lenti