...

Pakistanın dövlət başçısı Azərbaycana səfər etmək niyyətindədir

Siyasət Materials 2 May 2011 16:56 (UTC +04:00)
Prezident İlham Əliyev Pakistan İslam Respublikasının dövlət başçısı Asif Əli Zərdarini Azərbaycana dəvət edib.
Pakistanın dövlət başçısı Azərbaycana səfər etmək niyyətindədir

Azərbaycan, Bakı, 2 may /Trend, müxbir T.Hacıyev/

Prezident İlham Əliyev Pakistan İslam Respublikasının dövlət başçısı Asif Əli Zərdarini Azərbaycana dəvət edib.

Trend-in Azərbaycanın Pakistandakı səfirliyinə istinadən verdiyi məlumata görə, Azərbaycanın Pakistana yeni təyin olunmuş səfiri Daşqın Şikarov etimadnaməsini Asif Əli Zərdariyə təqdim edərkən Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını və ölkəmizə səfər etmək barədə dəvətini Pakistanın dövlət başçısına çatdırıb.

Azərbaycan Prezidentinə dəvətə görə təşəkkürünün çatdırılmasını xahiş edən Pakistan Prezidenti bu dəvəti qəbul etdiyini və qardaş ölkəyə səfər etməkdən məmnun olacağını bildirib.

Görüşdə Pakistanın Prezidenti Zərdari Azərbaycanla ümumi tarixi, mədəni və dini əsaslara söykənən qardaşlıq münasibətlərinin gələcək inkişafında maraqlı olduğunu da ifadə edib. Prezident ölkəsinin Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olduğunu, həm Dağlıq Qarabağ məsələsində, həm də işğal olunmuş Azərbaycan ərazilərinin azad edilməsi məsələsində Azərbaycanı davamlı olaraq dəstəklədiyini bildirib. Ötən il Pakistanda baş vermiş sel fəlakəti zamanı Azərbaycanın verdiyi dəstəyi unutmayacaqlarını qeyd edən Prezident, bunun üçün Azərbaycan xalqına, xüsusilə də ölkə başçısı İlham Əliyevə təşəkkür etdiklərini vurğulayıb.

Rəsmi İslamabadın iki ölkə arasındakı iqtisadi əlaqələri inkişaf etdirmək niyyətində olduğunu vurğulayan Pakistan Prezidenti, İslamabad-Bakı və ya Kəraçi-Bakı arasında birbaşa uçuşların həyata keçirilməsi üçün çalışacaqlarını ifadə edib. Pakistan Prezidenti Heydər Əliyev Fondu tərəfindən Kəşmirdə inşa edilən məktəbin əhəmiyyət kəsb etdiyini vurğulayaraq, Fondun prezidenti Mehriban xanım Əliyevaya təşəkkürünü bildirib. Ölkə başçısı, həmçinin Kəşmir məsələsində Azərbaycanın daimi dəstəyini və ölkəmizin İslam Konfransı Təşkilatının (İKT) Təmas qrupunda Kəşmir münaqişəsinin BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həll olunmasını dəstəkləməsini yüksək qiymətləndirdiklərini ifadə edib.

Daşqın Şikarov iki qardaş ölkə arasında siyasi əlaqələrin yüksək səviyyədə inkişaf etdiyini, Pakistanın Azərbaycanın əsas və ən önəmli tərəfdaşlarından biri olduğunu vurğulayıb. Görüş zamanı səfir ölkəmizdə gedən quruculuq işləri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı geniş məlumat verib. Səfir Azərbaycan hökumətinin iki ölkə arasında, xüsusilə də ticarət, sənaye və müdafiə sahələrində əlaqələri inkişaf etdirmək niyyətində olduğunu Prezidentə bildirib. Azərbaycan və Pakistan arasında diplomatik münasibətlərin yarandığı gündən iki ölkə arasında dostluq əlaqələrinin strateji müttəfiqlik müstəvisində beynəlxalq və regional təşkilatlar çərçivəsində uğurla inkişaf etdiyini qeyd edən səfir, Pakistanın hər zaman Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun həllinə dair Azərbaycan tərəfinin mövqeyini birmənalı şəkildə dəstəkləməsini, münaqişənin Azərbaycanın maraqlarına uyğun şəkildə ədalətli həllinə tərəfdar olmasını və məhz bu səbəbdən Ermənistanı dövlət kimi tanımamasını hökumət və xalq olaraq yüksək qiymətləndirdiklərini xüsusilə vurğulayıb.

Xəbər lenti

Xəbər lenti