...

Pakistan ordusunun yüksək rütbəli nümayəndəsi Azərbaycana səfər edəcək (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 25 May 2011 15:04 (UTC +04:00)
Pakistanın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, ordu generalı Xalid Vayn payızda Azərbaycana səfər edəcək. Bu barədə çərşənbə günü Trend-ə Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov məlumat verib.
Pakistan ordusunun yüksək rütbəli nümayəndəsi Azərbaycana səfər edəcək (ƏLAVƏ OLUNUB)

İkinci abzasdan sonra təfərrüatlar əlavə olunub (ilk xəbər 14:27-də yayılıb)

Azərbaycan, Bakı, 25 may /Trend, müxbir S.Ağayeva/

Pakistanın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, ordu generalı Xalid Vayn payızda Azərbaycana səfər edəcək. Bu barədə çərşənbə günü Trend-ə Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov məlumat verib.

Diplomat bildirib ki, Pakistan ordusunun yüksək rütbəli nümayəndəsinin Azərbaycana səfəri oktyabra nəzərdə tutulub.

Görüşdə Azərbaycanın səfiri Pakistan Qərargah Rəisləri Komitəsinin sədrini Azərbaycanın dünyada və regionda artan nüfuzu, iqtisadi inkişaf, ordu quruculuğu sahəsində aparılan islahatlar, Ermənistan-Azərbaycan münaqişəsi və danışıqlar prosesinin gedişi, Ermənistanın işğalçılıq siyasəti, regionda gedən siyasi proseslər barədə ətraflı məlumatlandırıb.

Səfir onu da qeyd edib ki, Pakistanın hər zaman Dağlıq Qarabağ münaqişəsinin həllinə dair Azərbaycan tərəfinin haqlı mövqeyini birmənalı şəkildə dəstəkləməsi, münaqişənin Azərbaycanın maraqlarına uyğun şəkildə ədalətli həllinə tərəfdar olması və məhz bu səbəbdən Ermənistanın Pakistan tərəfindən dövlət kimi tanımaması Azərbaycanda yüksək qiymətləndirilir.

O, Azərbaycanın mövqeyini daim dəstəklədiyi üçün Pakistana hökumətinə və xalqına dərin minnətdarlığını bildirib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.

1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır. BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Ordu generalı Vayn Azərbaycanın mövqeyini daima dəstəklədiklərini və bundan sonra da ölkəmizin yanında olacaqlarını xüsusi vurğulayıb.

Xəbər lenti

Xəbər lenti