...

Azərbaycanın Misirdəki səfiri "Nil Əxbar" peyk televiziya canlı müsahibə ilə çıxış edib

Siyasət Materials 28 May 2011 16:14 (UTC +04:00)
28 may Respublika günü münasibətilə Azərbaycanın Misirdəki səfiri Şahin Abdullayev "Nil Əxbar" peyk televiziya kanalında efirə gedən "Azərbaycan müstəqilliyinin 20 illiyini qeyd edir" adlı televiziya verilişində canlı müsahibə ilə çıxış edib.
Azərbaycanın Misirdəki səfiri "Nil Əxbar" peyk televiziya canlı müsahibə ilə çıxış edib

Azərbaycan, Bakı, 28 may /Trend/

28 may Respublika günü münasibətilə Azərbaycanın Misirdəki səfiri Şahin Abdullayev "Nil Əxbar" peyk televiziya kanalında efirə gedən "Azərbaycan müstəqilliyinin 20 illiyini qeyd edir" adlı televiziya verilişində canlı müsahibə ilə çıxış edib. Trend-in məlumatına görə, bu barədə səfirlikdən bildirilib.

Verilişdə səfir Abdullayev 1991-ci ildə Azərbaycanın 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Demokratik Respublikasının varisi kimi, müstəqilliyini bərpa etdiyini qeyd edərək, Ermənistanın Azərbaycana qarşı təcavüzü və daxili çətinliklərin fonunda 1993-cü ildə Azərbaycan xalqının hakimiyyətə qayıtmaq üçün Heydər Əliyevə müraciət etdiyini bildirib. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin uzaqgörən siyasəti, müdrikliyi və bacarığı sayəsində Azərbaycanın qısa müddət ərzində problemləri arxada qoyaraq, davamlı inkişaf mərhələsinə qədəm qoyduğunu bildirən səfir Azərbaycanda mərkəzi hakimiyyətin gücləndiyi, çox ehtiyac duyulan xarici əlaqələrin genişləndiyi, demokratikləşmə prosesinin başlandığı, Azərbaycanın yeni Neft strategiyasının əsasının qoyulduğu və "Əsrin müqaviləsi"nin imzalandığı kimi məqamları diqqətə çəkib.

Heydər Əliyevin irsinə sadiq olaraq Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın bu gün ictimai-siyasi həyatın, iqtisadiyyatın, mədəniyyət və incəsənətin bütün sahələrində uğurlara imza atdığını və sürətlə inkişaf etdiyini qeyd edən səfir Azərbaycanın ərəb-İslam dünyası ilə tarixi əlaqələrindən danışmış və bu əlaqələrin daha da inkişafı üçün böyük perspektivlərin olduğunu diqqətə çatdırıb.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barəsində aparıcının sualını cavablandıran səfir Ermənistanın tarixi Azərbaycan torpaqlarında yaradıldığını xatırladaraq, Ermənistanın Azərbaycana qarşı təcavüzü və onun ağır fəsadları və BMT Təhlükəsizlik Şurası və BMT Baş assambleyası, İKT, ATƏT, Avropa Şurası Parlament assambleyası və digər beynəlxalq təşkilatların bu işğalı pisləyən qətnamələr qəbul etdiklərini, Ermənistanın beynəlxalq ictimaiyyətin tələblərinə məhəl qoymadığını vurğulayıb.

Şərqin ilk demokratik respublikasının Azərbaycanda təsis edildiyini diqqətə çəkən səfir Abdullayev 23 ay həyat sürən və sonradan sovet-bolşevik işğalına məruz qalan Azərbaycan Demokratik Respublikasında qərb ölkələrindən xeyli öncə qadınlara siyasi hüquqlar verildiyini diqqətə çatdırıb.

Azərbaycanın bolşeviklər və erməni yaraqlı dəstələri tərəfindən işğalı və Azərbaycanın SSRİ-in tərkibinə daxil edilməsi barəsində ətraflı danışan azərbaycanlı səfir Azərbaycanın SSRİ iqtisadiyyatının inkişafına verdiyi töhfələri və II Dünya müharibəsində qələbənin təmin olunmasında Azərbaycan xalqının və Bakı neftinin oynadığı həlledici rol haqqında da məlumat verib.

Sovet rejiminin göstərdiyi təzyiqlərə baxmayaraq, Azərbaycan xalqının öz mədəniyyətini, etnik mənsubiyyətini, dini və mənəvi dəyərlərini qoruyub saxladığını deyən səfir milli dəyərlərin qorunmasında Azərbaycan SSR-in rəhbərliyində olan Heydər Əliyevin xüsusi rolu olduğunu vurğulayıb.

Verilişdə Şahi Abdullayev Azərbaycanın zəngin tarixi irsi, mədəniyyəti, incəsənəti, ədəbiyyatı, adət-ənənələri haqqında məlumat verərək, Ü.Hacıbəyovun "Leyli və Məcnun" operası ilə şərqin ilk operasının Azərbaycanda yaradıldığını və Azərbaycanda Q.Qarayev, F.Əmirov və T.Salahov kimi milli sərhədləri aşan korifey bəstəkar və rəssamların yetişdiyini nəzərə çatdırıb.

Misir-Azərbaycan əlaqələri və Misirdə baş vermiş hakimiyyət dəyişikliyindən sonra ölkələrimiz arasında əlaqələrin inkişaf perspektivləri barəsində jurnalistin sualını cavablandıran Səfir baş vermiş iğtişaşlarda Azərbaycan Səfirliyinin əməkdaşı N.Qocayevin öldürülməsindən dərin təəssüf hiss keçirdiyini bildirmişdir. Keçid dövrü təcrübəsinin Azərbaycana tanış olduğunu deyən Səfir Misir xalqının layiqincə bu mərhələni başa vuracağına əminliyini ifadə etmiş və bundan sonra da Azərbaycan-Misir əlaqələrinin inkişaf edəcəyini vurğulayıb.

Veriliş çərçivəsində Azərbaycanın qədim tarixi, mədəniyyəti, coğrafi mövqeyi, təbii resursları, müasir inkişafı, Ermənistan-Azərbaycan münaqişəsi və Azərbaycanın neft-qaz strategiyasını əks etdirən sənədli film nümayiş etdirilib.

Xəbər lenti

Xəbər lenti