...

Nyu-Yorkda Azərbaycan Respublika günü münasibəti ilə rəsmi bayraq ucaltma mərasimi keçirilib

Siyasət Materials 29 May 2011 16:27 (UTC +04:00)
Nyu-Yorkun məhşur Wall Street küçəsində yerləşən Bowling Green bağında Azərbaycan Respublika Günü münasibəti ilə Azərbaycan və ABŞ bayrağlarının ucaltma mərasimi keçirilib
Nyu-Yorkda Azərbaycan Respublika günü münasibəti ilə rəsmi bayraq ucaltma mərasimi keçirilib

Şənbə günü, Nyu-Yorkun məhşur Wall Street küçəsində yerləşən Bowling Green bağında Azərbaycan Respublika Günü münasibəti ilə Azərbaycan və ABŞ bayrağlarının ucaltma mərasimi keçirilib. Mərasim, ABŞ-da 1957-ci ildən fəaliyyət göstərən Amerika Azərbaycan Cəmiyyəti (ASA) tərəfindən təşkil edilmişdir.

Mərasimdə açılış nitqi ilə çıxış edən ASA-nın Prezidenti, Tomris Azəri, tədbirə təşrif buyurmuş qonaqları salamladı və 28 mayın Azərbaycan tarixindəki önəminə toxundu. Azərbaycan millətinin zəngin dövlətçilik ənənəsinə malik olduğunu qeyd edən Tomris xanım, 1918-ci il 28 may tarixində qurulan Azərbaycan Xalq Cümhuriyyətinin, Müsəlman və Türk dünyasında ilk demokratik və dünyəvi dövlət olduğunu vurğuladı.

Mərasimdə, daha sonra söz Turkiyənin ABŞ-dakı fövqəladə və səlahiyyətli səfiri Namık Tan cənablarına verildi. Qardaş ölkənin səfiri bütün qonaqlari salamlamlayaraq, bu bayramın sadəcə Azərbaycan üçün deyil, eyni zamanda Türkiyə xalqı üçün də böyük əhəmiyyət daşıdığını və Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasını bütün Türk Dünyası üçün böyük bir nailiyyət olduğunu qeyd etdi.

Mərasimdə daha sonra çıxış edən, Azərbaycanın BMT-dəki daimi nümayəndəliyinin müşaviri, Yusif Məmmədəliyev, toplaşan Azərbaycan icma üzvlərini və bütün qonaqları Respublika Günü münasibəti ilə təbrik etdi və Xalq Cümhuriyyətinin qısa tarixçəsinə toxundu. O eyni zamanda qeyd etdi ki, müasir Azərbaycan Respublikası ilk Cümhuriyyətin zəngin irsindən və əldə etdiyi nailiyyətlərdən faydalanır.

Tədbiri yekun nitqi ilə tamamlayan, ASA-nın İcma ilə Əlaqələr üzrə Direktoru və Azərbaycan Amerika Şurasının (AAC) Nyu-Yorkdakı nümayəndəsi, Emin Həsənov, Azərbaycan Xalq Cümhuriyyətinin irsi və Azərbaycan dövlətçilik tarixinin bütün gənclər üçün ilham mənbəyi olduğunu qeyd etdi. Emin, bayraq ucaltma mərasiminin hər il Nyu-Yorkun mərkəzi Bowling Green bağında keçirilməsini vurğulayaraq, bu məkanın böyük rəmzi rol daşıdığını bildirdi.

Belə ki, bu ərazi ABŞ-ın istiqlaliyyəti uğrunda mübarizənin şahidi olmuş və bir çox Amerikalı məhz bu yerdə azadlıq uğrunda həyatlarını vermişdirlər. Buna görə Azərbaycan Respublika Gününü qeyd etmək üçün Bowling Green bağının seçilməsi, eyni zamanda Azərbaycanın azadlığının qəhrəmancasına qurbanlar nəticəsində əldə edildiyinidə vurğulayır.

Tədbirin sonunda, Azərbaycan və ABŞ himnləri sədaları altında, Azərbaycan və ABŞ bayraqları səmaya ucaldılmışdır. Mərasimdə eyni zamanda Türkiyənin Nyu-Yorkdaki baş konsulu Mehmet Samsar, Türk-Amerika Dərnəkləri Assambleyasının Prezidenti, Günay Övünç, geniş şəkildə azərbaycanlı, türk və yəhudi icmalarının nümayəndələri iştirak etmişlər.

Bayraq ucaltma mərasimindən sonra, qonaqlar Türk Amerikan dərnəkləri tərəfindən təşkil edilən 29-cu Nyu-York Türk nümayişinə qatılmışlar. Hər il keçirilən bu nümayiş, Nyu-Yorkluların böyük marağına səbəb olur və ətrafında geniş izləyici kütləsi cəlb edir.

Bu ilki nümayişdə ASA-nın təşkil etdiyi və Azərbaycanı bu tədbirdə tanıdan arac Nyu-Yorkun küçələri ilə hərəkət etmişdir. Arac, Azərbaycan bayraqları və Azərbaycanın Avroviziya müsabiqəsində qələbəsini işıqlandıran plakatlarla bəzənmişdir.

Aracdan müsabiqə qalibləri Eldar və Nigarın Running Scared mahnısı səsləndirilməsi, ətrafdakı izləyəcilərin böyük marağına səbəb olmuşdur.

Xəbər lenti

Xəbər lenti