...

Nikola Sarkozi: Azərbaycanın iqtisadi uğuru və Bakıda həyata keçirilmiş dəyişikliklər məndə böyük təəssürat yaratdı

Siyasət Materials 14 Oktyabr 2011 18:38 (UTC +04:00)

Fransa Prezidenti Nikola Sarkozi Azərbaycan Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.

"Cənab Prezident, əziz İlham! Bu qədər zəngin və uğurlu səfərdən sonra Bakıda mənə göstərilmiş səmimi və əla qəbula görə Sizə ən dərin minnətdarlığımı bildirmək istəyirəm.

2009-cu ilin dekabrında Parisə səfəriniz zamanı Sizə bildirdiyim kimi, mən ölkənizin iqtisadi uğurunun bir sıra aspektlərini və rəhbərliyiniz altında Bakıda həyata keçirilmiş dəyişiklikləri öz gözlərimlə görmək məqsədilə Azərbaycana səfər etməyimi arzulayırdım. Vaxtımın məhdud olmasına baxmayaraq, gördüklərim məndə böyük təəssürat yaratdı", - məktubda deyilir.

Nikola Sarkozi, həmçinin Bakıda Fransız Liseyinin yaradılmasına verdiyi həlledici dəstəyə görə İlham Əliyevə, eləcə də Mehriban xanım Əliyevaya təşəkkürünü bildirib.

"Bu layihə həm Azərbaycanda yaşayan və övladlarına öz dili və mədəniyyəti çərçivəsində təhsil vermək istəyən fransız icması, həm də ölkənizə xidmət etmək naminə fəal həyata başlamazdan öncə universitetlərimizə daxil olmağı arzulayan gənc azərbaycanlılar üçün faydalı olacaqdır.

Mən ölkələrimiz arasında artıq intensiv xarakter daşıyan münasibətləri gücləndirəcək strateji tərəfdaşlığın qurulması təklifimi təkrar edirəm. Gələcək səfərlərinizdən birində Parisdə Sizi yenidən qəbul etmək ümidi ilə Sizə bir daha öz minnətdarlığımı bildirir, ən dərin hörmət və ehtiramımı, eləcə də dostluq hisslərimi qəbul etməyinizi xahiş edirəm", - məktubda bildirilir.

Xəbər lenti

Xəbər lenti