...

Azərbaycan BMT TŞ-nin qeyri-daimi üzvlüyünə seçkilərin uğurla başa çatacağına ümid edir - XİN

Siyasət Materials 22 Oktyabr 2011 15:10 (UTC +04:00)
Azərbaycanın Şərqi Avropa ölkələrindən 2012-2013-cü illər üçün BMT TŞ-nin qeyri-daimi üzvlüyünə seçkilərdə 113 səs toplaması ölkənin bir çox dünya dövlətlərinin dəstəyini qazandığını göstərir və biz bu etimadı yüksək qiymətləndiririk.
Azərbaycan BMT TŞ-nin qeyri-daimi üzvlüyünə seçkilərin uğurla başa çatacağına ümid edir - XİN

Azərbaycan, Bakı, 22 oktyabr /Trend, müxbir S.Ağayeva/

Azərbaycanın Şərqi Avropa ölkələrindən 2012-2013-cü illər üçün BMT TŞ-nin qeyri-daimi üzvlüyünə seçkilərdə 113 səs toplaması ölkənin bir çox dünya dövlətlərinin dəstəyini qazandığını göstərir və biz bu etimadı yüksək qiymətləndiririk. Bu barədə şənbə günü Trend-ə Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev deyib.

"Biz ümid edirik ki, oktyabrın 24-də Azərbaycanın namizədliyini daha çox ölkə dəstəkləyəcək və biz bu seçkiləri uğurla başa vuracağıq. Bildiyiniz kimi, Azərbaycan daima BMT kimi mühüm təşkilatın fəal üzvü olmağa və onun inkişafına töhfə verməyə çalışır", - o qeyd edib.

Oktyabrın 21-də Nyu-Yorkda BMT TŞ-nin qeyri-daimi üzvlüyünə seçkilər keçirilib.

Nyu-Yorkda BMT-nin mənzil-qərargahında 2012-2013-cü illər üçün təşkilatın Təhlükəsizlik Şurasının (TŞ) Şərqi Avropa ölkələrindən yeni qeyri-daimi üzvlüyünə Azərbaycanın və ya Sloveniyanın seçilməsi üzrə səsvermənin bir neçə raundu nəticəsiz qalıb.

Ölkələrdən heç biri BMT Nizamnaməsində göstərildiyi kimi, səslərin üçdə ikisini toplaya bilməyib. Seçkilərdə Azərbaycana qələbə üçün cəmi 14 səs çatmayıb. Nəticədə səsvermənin oktyabrın 24-də keçirilməsi haqqında qərar qəbul edilib.

Digər səsvermənin yekunları üzrə BMT TŞ-nin yeni qeyri-daimi üzvləri Qvatemala, Mərakeş, Toqo və Pakistan olub.

Xəbər lenti

Xəbər lenti