...

Qənirə Paşayeva: Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi böyük uğurdur

Siyasət Materials 25 Oktyabr 2011 16:28 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 oktyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi böyük uğur və nailiyyətdir. Trend-in məlumatına görə, bunu çərşənbə axşamı jurnalistlərə millət vəkili Qənirə Paşayeva deyib.

O hesab edir ki, bu, Azərbaycana çox şey verəcək.

"Üzvlük Azərbaycana Ermənistan tərəfindən pozulmuş ərazi bütövlüyü məsələsini birbaşa BMT Təhlükəsizlik Şurasının gündəliyinə daxil etmə hüququ verir. Azərbaycana BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin indiyə qədər yerinə yetirilməməsi məsələsini birbaşa Şuranın gündəliyinə çıxartmaq üstünlüyü verir. Bununla da Şuranın diqqəti bu məsələyə daha çox cəlb ediləcək", - deputat əlavə edib.

Paşayeva bildirib ki, Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzvlüyü böyük üstünlüklə Macarıstan və Sloveniya ilə mübarizədə əldə edib, Şərqi Avropanı BMT TŞ-də təmsil etmək hüququnu qazanıb.

"Şurada üzv olmaq dünyadakı sülh və təhlükəsizlik məsələlərində Azərbaycana səs hüququ verir və ölkə bu kimi məsələlərdə daha geniş, təsirli iştirak etmək imkanı qazanacaq", - Paşayeva deyib.

Millət vəkili həmçinin bildirib ki, bu, diplomatik qələbədir.

Azərbaycan BMT üzvü olan ölkələrin 155 səsini toplayaraq 2012-2013-cü illər üzrə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib.

Səsvermənin axırıncı mərhələsindən əvvəl Sloveniyanın xarici işlər naziri Samuel Zboqar öz ölkəsinin namizədliyini geri götürdüyünü bildirib. Bundan əvvəl baş tutan səsvermə mərhələsində Azərbaycan 116, Sloveniya isə ancaq 77 səs toplayıb.

Axırıncı mərhələdə Azərbaycanın lehinə 155 ölkə səs verib, 24 ölkə bitərəf qalıb və daha 13 ölkə yenə də Sloveniyaya səs verib.

Bundan əvvəl keçirilən altı səsvermə mərhələsinin hər birində Azərbaycan Sloveniyadan çox səs toplamışdı, lakin seçilmək üçün tələb olunan 129 səsi yığa bilməmişdi.

Xəbər lenti

Xəbər lenti