Azərbaycan, Bakı, 23 noyabr /Trend/
Yəmən Prezidenti Əli Abdullah Saleh Səudiyyə Ərəbistanın paytaxtı Ər-Riyad şəhərində hakimiyyətin ötürülməsinə dair planı imzalayıb. Bu barədə çərşənbə günü Trend "əl-Cəzirə" telekanalına istinadən məlumat verir.
Yeddi ay bundan qabaq Fars körfəzi ərəb ölkələrinin Əməkdaşlıq Şurası tərəfindən irəli sürülən plana əsasən, Saleh Prezidentə və onun ailə üzvlərinə məhkəmə təqibindən toxunulmazlıq hüququ verilməsi müqabilində öz vəzifəsini barışdırıcı sazişin imzalanmasından sonra 30 gün ərzində tərk etməli və hakimiyyət səlahiyyətini vitse-prezident Əbd-Rəbbu Mənsur Hadiyə verməlidir.
Əvvəl Saleh "Yol xəritəsi"ni imzalamaqdan üç dəfə imtina etmişdi.
Fevral ayında Yəməndə başlanan hökumət əleyhinə kütləvi çıxışlar martın ortalarında fəallaşıb. Aksiya iştirakçıları islahat aparmaq və 33 ildən bəri ölkəni idarə edən Prezident Əli Abdullah Salehin istefasını tələb edir. KİV-in məlumatlarına görə, xalq qiyamı ərzində ölkədə bir neçə yüz insan ölüb.